28 May 2020 21:39
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ancaq onu da bilməliyik və bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı deyib: "Ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş milli irsimiz sənədləşdirilib. Biz öz tarixi keçmişimizi yaxşı bilirik və yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğal olunmuş torpaqlar azad ediləndən sonra bütün binalar yenidən qurulacaq, o cümlədən dağılmış tarixi abidələrin mövcudluğunu əks etdirən əməli memarlıq tədbirlərinin görülməsi də nəzərdə tutulur.

Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz və biz bunu göstərmişik. 2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar torpaq işğalçılardan azad edildi. Cocuq Mərcanlı kəndinin timsalında biz görürük ki, işğaldan azad olunacaq digər torpaqlarda hansı işlər görüləcək və hansı sürətlə görüləcəkdir. Biz Cocuq Mərcanlını uğurlu hərbi qələbədən sonra cəmi bir il ərzində yenidən qurduq və indi orada həyat qaynayır, köçkünlər öz doğma torpağına qayıdıblar.

Bəzən belə fikirlər səsləndirilir ki, bəzi köçkünlər torpaqlar işğaldan azad olunandan sonra qayıtmaya bilərlər. Amma mən tam əminəm ki, bütün köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar, necə ki, Cəbrayıl köçkünləri. Onlar uzun illər başqa yerlərdə yaşayıblar, o cümlədən Bakı şəhərində. Ancaq imkan olan kimi onlar hətta növbəyə durmuşdular ki, tezliklə öz doğma torpağına qayıtsınlar. Eyni zamanda, işğaldan azad olunan Şıxarx qəsəbəsi. İndi orada da böyük şəhərcik salınıb. O, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən Azərbaycanın tarixi məkanıdır, işğaldan azad olunan ərazidə böyük şəhərcik salınıb. Biz bu gün işğal altında olan bütün digər torpaqlarda da bərpa işləri görəcəyik. Azərbaycan öz suverenliyini təmin edəcəkdir.

Yenə də deyirəm, hərbi güc, bizim beynəlxalq mövqelərimiz, beynəlxalq təşkilatların münaqişə ilə bağlı sərgilədiyi mövqe. Xüsusilə son illər ərzində demək olar ki, bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, dünyanın bütün aparıcı ölkələri, həmçinin. Bu yaxınlarda Dağlıq Qarabağda keçirilmiş qondarma “prezident seçkiləri” bunu bir daha göstərdi. O saxta prezidenti, dırnaqarası prezidenti heç kim tanımadı. Dünyanın aparıcı ölkələri açıq formada bəyanat verdilər. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya, ondan sonra Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bəyanat verdilər ki, bu seçkilər tanınmır, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Ona görə beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda, iqtisadi üstünlüyümüz, əlbəttə ki, torpaqlarımızın azad olunmasında əsas rol oynayacaqdır. Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına. Ona görə ordu quruculuğu mənim Prezident kimi fəaliyyətimdə həmişə ön plandadır. Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Əlbəttə ki, sadaladığım bütün bu müsbət amillər, eyni zamanda, demoqrafik vəziyyət bizim üstünlüyümüzü bundan sonra da təmin edəcək. Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır.

Bu gün müzakirə edilən və danışıqlar masasında olan məhz mərhələli həldir. Baxmayaraq ki, Ermənistanın rəhbərliyi öz rəsmi populist çıxışlarında bunu inkar etməyə çalışır, ancaq mahiyyət etibarilə danışıqlar çərçivəsində həmin bu mərhələli həll məsələsi müzakirə edilir. Burada da riyakarlıq edir, öz xalqını aldadır, vasitəçiləri aldatmaq istəyir. Mərhələli həldən başqa heç bir həll mümkün deyil, o da nə deməkdir? Birinci mərhələdə torpaqların bir hissəsi işğaldan azad olunur. Bundan başqa variant ola bilməz. Amma mənim dediyim söz odur ki, bu, ancaq mərhələli yanaşma ola bilər.

Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik. Heç kimdə şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq, məsələnin həlli üçün vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirməliyik. Mənim fikrim budur və bilirəm ki, Azərbaycan xalqı mənim mövqeyimi dəstəkləyir. Mən bunu dəfələrlə bildirmişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər