Koronavirus infeksiyasından qorunmanın vacibliyi günümüzün əsas mövzu olmalı, bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Onun sözlərinə görə, bu gün müasir dünyamızı təhdid altına alan COVID-19 pandemiyası ilə var gücü ilə mübarizə aparılır:
"Bu çətin sınaq dövründə Azərbaycan koronavirusla mübarizədə müsbət mənada fərqlənməyi bacardı. Ölkə Prezidenti İlham Əliyevin qabaqlayıcı və düşünülmüş siyasəti sayəsində Azərbaycan koronavirusun ağır zərbələrindən yayınmağa müvəffəq oldu. Koronavirus pandemiyasının sərhədləri aşıb keçdiyi ilk gündən insanların sağlamlığı, onların sosial müdafiəsinin təmin edilməsi Azərbaycan dövləti üçün prioritet məsələ oldu".
Deputat qeyd edib ki, Azərbaycan özünün gücü hesabına gözəgörünməz “düşmən”in öhdəsindən gəlməyə qadir olduğunu nümayiş etdirdi:
“Ölkə Prezidenti İlham Əliyevin uzaqgörənliyi və vaxtında verilmiş qərarları nəticəsində respublikada pandemiya ilə mübarizə tədbirləri tam nəzarətə götürüldü. İlk gündən atılan addımlar davamlılığı ilə diqqət çəkdi. Ardınca da karantin rejimində müəyyən yumşaldılmalar həyata keçirildi. Lakin bu, heç bir haldan rahatlıq və virusdan tam azad olmaq kimi qəbul edilməməlidir. COVID-19-un necə təhlükəli olduğunu unutmadan, bu infeksiyaya qarşı hamı birlikdə sona qədər mübarizə aparmağı özünə borc bilməlidir”.
N.Həmzəyev dünya təcrübəsinə istinad edərək, koronavirusun yenidən özünü büruzə verən pandemiya olduğunu bir daha xatırladıb.
Deputat bildirib ki, əgər mövcud qaydalara riayət olunmazsa, prosesin ikinci dalğası başlaya bilər:
“Karantin rejimindəki məhdudiyyətlərin bəzisinin aradan qaldırılması, yumşaldıcı tədbirlər o demək deyil ki, vətəndaşlar əvvəlki həyat tərzlərinə geri dönməlidirlər. Xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunması təssüf hissi doğurur”.
Millət vəkili vurğulayıb ki, koronavirus pandemiyasına qarşı mübarizədə qaydalara düzgün əməl olunması günümüzün ən vacib tələblərdən olmalıdır:
"Vətəndaşlar sosial məsuliyyət hissini artırmalı, özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğısına qalmalıdırlar. Xüsusilə, fəaliyyətinə icazə verilən iaşə obyektlərinin rəhbər şəxsləri karantin rejimi qaydalarına riayət edilməsinə birbaşa diqqət yetirməli, bu sahədə məsuliyyət hissini artırmalıdırlar. Vətəndaşlar qaydalara mütləq qaydada riayət etməlidir. Təbii ki, qaydalara riayət edilməsə, karantin rejimi yenidən sərtləşdirilə, müvafiq məhdudiyyətlər yenidən tətbiq oluna bilər. İctimai nəzarət və ictimai qınaq ön plana çəkilməli, xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır. Koronavirus infeksiyasından qorunmanın vacibliyi günümüzün əsas mövzusu olmalı, bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir".