4 Oktyabr 2014 12:29
7 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşçilərə təzyiq uşaqlara da sirayət edir

Məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyindən alınıb icra hakimiyyətlərinin balansına verilməsindən sonra uşaq bağçalarında maddi-texniki bazanın vəziyyətinin nisbətən yaxşılaşması barədə fikirlər səslənirdi. Amma hələ də uşaqların təlim-tərbiyə, təhsilinin keyfiyyəti problemləri aktual olaraq qalır. Üstəlik bura əksər bağça müdirləri ilə müəllimlər arasinda münasibətlərin korlanması da daxildir ki, bu da təhsilin keyfiyyətinə mənfi təsir göstərir.

Bakının Xətai rayonu 194 saylı məktəbin müəllimləri Fərqanə (Əliyeva) Naxmedova və Dilbər Əsgərova da bağça müdirəsi Tovuz Cəbiyevanın davranışlarından gileylidir.

“Bağça müdiri məni aldatdı”

Fərqanə Naxmedova yazır ki, 16 illik iş stajı var, Bakı məktəbəqədər Pedaqoji Texnikumu bitirib. Xətai rayonunda 66 saylı bağçada 12 il işlədikdən sonra 2010-cu ildə bağça özəlləşməyə dayanıb və o, işini itirib: “Mən özəlləşmə payımı götürmədim, Bakı şəhər Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevaya müraciət etdim, 2010-cu ildə o, məni 194 saylı Uşaq bağçasına göndərdi. Müvəqqəti olaraq həmin bağçada tərbiyəçi vəzifəsinə işə götürüldüm. Bağça müdiri bildirdi ki, sonradan məni daimi işə keçirəcək. 7 ay işlədikdən sonra özüm analıq məzuniyyətinə çıxmalı oldum. Analıq məzuniyyətindən qayıtdıqdan sonra müraciət etdikdə müdir bildirdi ki, hazırda qrup formalaşmayıb, müvəqqəti olaraq məzuniyyətdə olanların yerinə işləyim. 3 ay belə işlədikdən sonra ikinci doğulacaq övladıma görə yenə analıq məzuniyyətinə çıxmalı oldum. Müdirə mənə dedi ki, sən buranın daimi müəlliməsisən, get, uşağını böyüt, qayıdandan sonra səni işə götürəcəm. Bu ilin aprel ayında yeni qrup açıldığını eşitdim və iş üçün müraciət etdim. Müdirə mənə bildirdi ki, iş yoxdur və həmin qrupa başqa müəlliməni işə götürüb. Mənə bir kağız göstərib dedi ki, sən burada əvəzedici-tərbiyəçi işləmisən. Halbuki 5 ay sonra qanunla mən daimi işə keçirilməli idi”.

F.Naxmedova bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə müraciət edib. İdarədə hər iki tərəf dinlənilib. Bağça müdirəsi deyib ki, F.Naxmedova ona yazılı müraciət etsə, işlə təmin oluna bilərmiş, hazırda isə bağçada onluq iş yoxdur: “Müdirə bir il başımı ovutdu, sonra da bəhanə gətirdi ki, guya mən ona şifahi müraciət də etməmişəm. İcra Hakimiyyətindən Eldar Yunusov isə dedi ki, biz qanunu poza bilmərik, artıq işə götürülən müəllimlərin çıxarılması mümkün deyil. O dedi ki gözlə, başqa yerdə iş olanda təmin edərik. Bu uşaq bağçası evimə yaxın olduğu üçün, iki azyaşlı uşaqla, burada işləmək mənim üçün əlverişli idi. Amma bağça müdiri bilmirəm nə səbəbə məni aldatdı, işə götürmədi. Halbuki hazırda mən o bağçada işlədiyimə görə uşaqpulu da alıram”

Ana yazır ki, ailə vəziyyəti ağırdır, həyat yoldaşı işləmədiyindən analıq məzuniyyətini yarıda saxlayıb işinə davam etmək istəyir: “Bildiyimə görə, müdirə məndən sonra işə götürdüklərindən rüşvət alıb, mənim isə nə ona verəcək pulum var, nə də tapşırmağa adamım. 16 il iş təcrübəm olmasına baxmayaraq hüquqlarım tapdanıb işsiz qalmışam. Halal qazandığım 150 manata çox böyük ehtiyacım var, iki azyaşlı uşağımın ac qalmamasına yardımçı olun”.

Təzyiq işin keyfiyyətinə təsir edir

Həmin uşaq bağçasında 28 illik iş təcrübəsi olan Dilbər Əsgərova isə bildirdi ki, müdirə onunla kobud rəftar edir. D.Əsgərova 1955-ci il təvəllüddür, Pedaqoji Universitetin Məktəbəqədər pedaqoji psixologiya ixtisasını bitirib, 38 illik iş təcrübəsinə sahibdir, pensiya yaşı çatmayıb, himayəsində iki əlil var. O, belə deyir: “Neçə ildir onun təzyiqlərinə dözürəm. Davranışından narazılıq olsa da, işçiləri qorxu altında saxladığı üçün, kimsə bu barədə danışmaqdan ehtiyat edir. Amma gərgin iş mühiti bütövlükdə uşaqların təlim-tərbiyəsinə də mənfi təsir edir. O, dəcəl uşaqların zirzəmi şəraitində qorxudularaq tərbiyələndirilməsinin tərəfdarıdır”.

Şikayətlərə yuxarıda baxılır

194 saylı uşaq bağçasının müdiri Tovuz Cəbiyeva ilə əlaqə saxladıq. Bizi dinləmək istəmədi. Dedi ki, Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə müraciət edək: “Uşaq bağçaları ilə bağlı şikayət, təklif, arzu, istəklərə həmin idarədə baxılır, böyüklərimiz o idarədə oturub, onlardan soruşun”.

Gün ərzində idarə ilə bir neçə dəfə əlaqə saxlamaq istədik, cəhdimiz baş tutmadı.

Əmək müqaviləsi yerinə sözləşmə...

Hüquqşünas Müzəffər Baxışovun sözlərinə görə, işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanıbsa, həmin müqavilənin şərtləri ilə tanış olmaq vacibdir: “İşçi ilə hansı qaydada əmək müqaviləsi bağlanırsa, bu şərtlərdə qeyd olunur. İşçi bu şərtlərlə tanış olmalıdır. Əmək müqaviləsi yazılı şəkildə bağlanmalı və iki nüsxədə tərtib olunmalı və biri işçidə qalmalıdır. Əmək müqaviləsində var ki, işəgötürən işçinin sosial hüquqlarını təmin etməlidir. İşlərin xarakterindən asılı olaraq işçilərin analıq məzuniyyətinə çıxarılması da təsbit olunur. Təəssüf ki, Azərbaycanda əmək müqaviləsi yerinə , şifahi sözləşmə əsasında işçi işlə təmin olunması hallarına da rast gəlinir. Belə olan halda isə təəssüf ki, pozulmuş hüquqların bərpasında çətinliklər yaranır”.

İşə Əmək Müfəttişliyi qarışsa...

M.Baxışovun sözlərinə görə, işdə kobud davranışlarla bağlı isə işçinin əmək müfəttişliyinə müraciət etmək hüququ var: “İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsi ilə bu hallar təsbit olunur. Əmək Müfəttişliyi işəgötürənin əməlində cinayət əməli müəyyən etsə, vəzifədən sui-istifadə hallarına görə, işəgötürəni cinayət məsuliyyətinə cəlb etmə halları da mövcuddur” .

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər