9 İyun 2020 15:57
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayonunda baş vermiş hadisəyə ilkin olaraq, təsadüf nəticəsində baş verməsi mülahizəsi üzərindən baxsaq, düşünmək olar ki, bunun istənilən dövlətdə və cəmiyyətdə baş verməsi heç də mümkünsüz deyildir. Qüsursuz insan və cəmiyyət olmadığı kimi, cəmiyyətdə mövcud olan münasibətlərin tənzimlənməsini həyata keçirən dövlət qurumları əməkdaşlarının da yanlışlarının olması mümkündür. Yəni, hər bir şəxsin, o cümlədən, polis əməkdaşlarının da hərəkələrində pozuntu ola bilər və bunun üçün də vəzifə təlimatları, qaydalar, qanunlar və digər normativ aktlar qüvvədədir.

Teleqraf.com-a açıqlamasında bunu siyasi şərhçi Xəyal Bəşirov bildirib.

Ancaq bununla yanaşı, hansısa təxribata uyub, insanlarla polis və dolayı yolla da, xalqla dövlət arasında narazılıq yaratmağa cəhd edən şəxslərin qanunsuz çağırışlarının təsiri altında polis əməkdaşlarına qarşı zibil, daş və s. atmağın özü də, ciddi şəkildə qınanılası bir əməldir deyən X. Bəşirov hər bir halda, baş verənlərlə bağlı mütləq ciddi araşdırma aparılmalı, aparılan araşdırma ilə əlaqədar cəmiyyət tam məlumatlandırılmalı və təqsiri olan istər polis, istərsə də sadə vətəndaş müvafiq məsuliyyəti daşımalı olduğunu qeyd edib:

“Çünki, Azərbaycan hüquqi dövlətdir və hüquqi dövlətdə dərisinin rəngindən, çəkisinin ağırlığından, boyunun hündürlüyündən, çiynindəki rütbədən, maliyyə imkanlarından, daşıdığı vəzifədən və digər amillərdən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. Bu fikirlər, ölkə başçısı tərəfindən də dəfələrlə özünün müxtəlif zamanlarda etdiyi çıxışlarda öz əksini tapıb”.

X.Bəşirov qeyd edib ki, hər şeydən əvvəl, hamı bilməlidir ki, müvafiq təyinat yerlərindən savayı yerlərə zibilin atılması qanunda konkret şəkildə göstərilməklə qadağan olunur. Bundan başqa zibilin istənilən məqsədlə digər şəxslərin üzərinə, o cümlədən də, hazırkı məlum səbəblərdən gecə-gündüz xidmətdə olan və əsəbləri tarıma çəkilmiş asayiş keşikçilərinin üzərinə atılmasının nə mental dəyərlərimizə, nə də ki, mənəvi prinsiplərimizə sığmadığını düşünürəm. Çünki, tarixən vətəndaşlarımız və xalqımız heç vaxt polisinə belə bir münasibət sərgiləməmiş, əksinə daim asayişimizin keşiyində şərəflə duran polis əməkdaşlarına hər tərəfli dəstəyini nümayiş etdirib.

Siyasə şərhçi vurğulayıb ki, planetar bəlanın yaratdığı mövcud vəziyyətlə əlaqədar 24/7 formatda bütün ölkə üzrə, xüsusilə də, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq şəhərlərimizin küçələrində xidmət keçən polisin əsəbləri tarıma çəkilibsə, bütün həyat şəraiti qaydaları və normal yaşam tərzi alt-üst olmuş sadə insanlarımızın psixologiyası da, heç də az pozulmayıb:

“Bu şəraitdə yaranmış çox həssas vəziyyəti özlərinin mənfur planları üçün tam münbit hesab edən və fürsəti fövqə verməyən həm ölkə daxilində, həm də xaricdə olan bir sıra antiazərbaycan quvvələrin dövrəyə girməsinə real şərait yaranır. Eyni zamanda da, hazırkı məqamda ölkədə gedən ciddi proseslər ömürlərinə çox az qalmış həmin quvvələrin ovqatlarını təlx etdiyindən, onların bu gedişata mane olmaq və özlərinin məkrli məqsədlərinə nail olmaları üçün istənilən addım atacaqları istisna deyildir. Buna görə də, əminliklə deyə bilərəm ki, bu hadisə də həmin güclərin növbəti bir uğursuz təxribatıdır”.

X.Bəşirov əlavə edib ki, heç şübhəsiz ki, gecə gündüz ideal cəmiyyətlər hesab etdikləri dövlətlərdə baş verən polis-vətəndaş qarşıdurmalarını və bu qarşıdurmalarda dövlətin sadə vətəndaşına qarşı hətta heç bir canlı varlığa uyğulanmayan münasibətin göstərilməsi ilə bağlı, heç bir mövqe bildirməyənlər, bizdə baş verən bu hadisənin olmasını, özləri üçün növbəti bir şans hesab edib, onun bütün dünya üzrə tirajlanması prosesinə artıq başlamışlar:

“Hər bir halda, ümid edək ki, baş verən bu olayla bağlı, daim mental dəyərlərimizə, mənəvi prinsiplərimizə sadiqlik nümayiş etdirən və ölkəmizdə dövlət hakimiyyətinin yeganə mənbəyi olan xalqımızın hər bir üzvü ilə yanaşı, ən ümdə vəzifəsi dövlətimizin, dövlətçiliyimizin və xalqımızın təhlükəsizliyinin qorunması olan, istənilən davranışı özünün şəxsinə deyil, geyimini daşıdığı Azərbaycan polisinin adına yazılan hər bir asayiş keşikçimiz də özü üçün lazımi məntiqi nəticə çıxaracaq, bu cür təxribat xarakterli addımların təsiri altına düşməyəcəklər. Eyni zamanda da, hesab edirəm ki, müvafiq araşdırmanı həyata keçirən qurumlar və DİN ətraflı araşdırma aparmaqla, ümumilikdə insanlarımızın hazırki pandemiya dövründəki həssaslılıqlarından istifadə edib onları təxribata çəkməyə müəyyən mənada nail olmuş şəxslərin arzularını yarımçıq qoyub, maksimum dərəcədə humanistlik nümayiş etdirəcəklər. Çünki hüquqi dövlət kimi humanistlik prinsipinin rəhbər tutulması, artıq Azərbycanda dövlət siyasətinin qayəsinə çevrilmişdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər