9 İyun 2020 21:13
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz yaxşı xatırlayırıq ki, pandemiyanın ilkin dövründə bəzi ölkələr özlərinə qapandılar. Bəzi ölkələr humanitar məsələlərdə də özlərini elə apardılar ki, sonra yəqin utandılar. Bəzi ölkələr təşviş içində idi. Biz bəzən vəsaitlə aldığımız tibbi avadanlığı gətirməkdə çətinlik çəkirdik. Ona görə indiki şəraitdə hesab edirəm ki, dünya birliyi vahid mövqedən çıxış etməlidir. Bununla paralel olaraq, biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. İndi bu proses gedir. Bu 15 ölkə Qoşulmama Hərəkatına üzv olan ölkələrdir. Ölkələrin siyahısı Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan tərəfindən razılaşdırılıb. Burada əsas meyar ən çox ehtiyacı olan ölkələrdir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyunun 9-da 28 saylı birləşmiş şəhər xəstəxanasının nəzdindəki modul tipli xəstəxananın açılışında çıxış edərkən deyib.

“Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib. Mən indi bu məsələ ilə bağlı dünyada gedən prosesləri, mənzərəni izləyirəm və tam məsuliyyətlə deyə bilərəm ki, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Bax, budur bizim ölkəmiz, budur müstəqilliyimizin üstünlükləri. Kimin ağlına gələ bilərdi ki, Azərbaycan bu bəla ilə təkbaşına, bu cür, belə məharətlə, peşəkarlıqla, təmkinlə, ləyaqətlə bacara bilsin. Hələ bəlkə 10 il, 20 il bundan əvvəl kimin ağlına gələrdi ki, Azərbaycan 30-a yaxın ölkəyə humanitar yardım göstərə bilər. O dövrdəki bəzi ölkələr indi o biri ölkələrə çatacaq humanitar yardımı da özlərinə, necə deyərlər, götürmüşdülər.

Ona görə biz həm ölkə daxilində, həm beynəlxalq müstəvidə düzgün, ləyaqətli siyasət aparırıq. Ona görə bizə olan rəğbət və hörmət gündən-günə artır.

Bütün bu məsələlərlə yanaşı, bir daha bundan sonrakı dövrə qayıtmaq istəyirəm. Azərbaycan vətəndaşları bizim bütün addımlarımızı dəstəkləyirlər. Halbuki aydın məsələdir ki, pandemiya insanların normal həyat tərzinə təsir edib, mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda, artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır. İnsanları qorumaq üçün biz bütün addımları atacağıq. Ona görə bir daha Azərbaycan vətəndaşlarına bu dövr ərzində göstərdiyi dəstəyə görə, göstərdiyi həmrəyliyə görə təşəkkür edirəm. Eyni zamanda, bütün vətəndaşları bir daha böyük məsuliyyətə və nizam-intizama çağırıram. Biz birlik nümayiş etdirmişik və bundan sonra da nümayiş etdirəcəyik. Təsadüfi deyil ki, pandemiya dövründə “Biz birlikdə güclüyük!” birləşdirici şüar olmuşdur”, - deyə dövlət başçısı əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər