14 İyun 2020 09:59
2 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taclı virus qurbanlarını seçmir, qarşısına çıxan hər kəsə silahını tuşlayır. Bu isə vəziyyəti daha da çətinləşdirir. Hazırda ölkəmizdə yoluxma üzrə rəqəm dinamikası yüksəkdir.

Koronavirusla aparılan yeni mübarizə tədbirləri, görülən işlərlə bağlı baş infeksionist Cəlal İsayev Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində asimptomatik xəstələrin müalicəsinin evdə aparılacağı barədə qərarın verilə biləcəyi açıqlandı. Sizcə, buna zərurət varmı?

- Xəstəliyi yüngül keçirən xəstələrin evdə müalicəsi çoxdan nəzərdə tutulmuşdu. Bu xəstələr ev şəraitində reabiltasiya olunaraq müalicə ediləcək. Hazırda xəstəxanalarımızda yer dan bir az çətinlik yarandığına görə bu cür xəstələrin ev şəraitində müalicəsinə qərar verilib. Hesab edirəm ki, bu, düzgün addımdır.

- Cəmiyyətdə test nəticəsi pozitiv çıxan şəxslərin yaxınları, yaxud hələ analiz cavabı gəlməyən insanlar başqaları ilə təmasda olduğu üçün narahatedici rəylər var. Bu situasiya ilə bağlı fikirləriniz nədən ibarətdir?

- Əgər kiminsə test nəticəsi pozitiv çıxırsa, ev şəraitində müalicə olunurlarsa, həmin şəxslə ailə üzvləri təmasda olmamalıdır. Minimal əlaqə ilə xəstəyə qulluq etmək olar. Bu prosesdə də maska və digər qoruyucu vasitələrdən istifadə mütləqdir. Nəzərə alaq ki, hazırkı vəziyyətdə hər kəs potensial virus daşıyıcısı hesab olunur.

- Hər kəsi maraqlandıran bir məqam var: sərt karantin rejiminin nəticələrini nə vaxt görəcəyik?

- Bu, infeksiyadır. Hesab etməyin ki, tədbirlər görüldükdə qısa zamanda xəstələrin sayı azalacaq. Bəli, bu tədbirlər xəstələrin sayını azaltmaq istiqamətində tətbiq olunur. Amma hava-damcı infeksiyası ilə mübarizədə görülən tədbirlərin nəticəsini tez bir zamanda hiss etmək mümkün deyil. Məsələn, dünən 352 yeni yoluxma faktı qeydə alındı. Çalışırıq ki, bu say 500 olmasın.

- Hazırda vəziyyət necədir? Yoluxma hansı yaş qrupu arasında üstünlük təşkil edir?

- Azərbaycan statistikasında gənclər arasında yoluxma halları daha çox qeydə alınır. Əvvəl deyirdik ki, 60 yaşdan yuxarı insanlar daha çox bu xəstəliyə yoluxur, ağır keçirir. Hazırda mənzərə dəyişib, vəziyyət ciddidir. Yoluxma müxtəlif yaş qruplarında bir qədər fərqlə müşahidə olunur. Vəziyyəti ağır olanlar arasında gənclər daha çoxdur. Bu isə koronavirusun bilinməyən tərəflərini aşkara çıxarır. Virus paralel olaraq hamilələrə də eyni təsiri göstərir. Hamilələrdə orqanizmdə mühüm dəyişikliklər olduğu üçün onlar özlərini daha çox qorumalıdır. Hələ ki, virusun dölə keçməsi ilə bağlı bizdə fakt qeydə alınmayıb.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər