Mədəniyyət Nazirliyinin dəstəyi və İctimai Televiziyanın (İTV) mətbuat dəstəyi ilə “Debüt” studiyası tərəfindən iyunun 16-dan etibarən uzunmüddətli INTERACT layihəsinin həyata keçirilməsinə başlanılacaq.
Teleqraf.com xəbər verir ki, görkəmli kinorejissor, Xalq artisti Eldar Quliyev tərəfindən 1987-ci ildə təsis olunan və “Debüt” studiyası qısametrajlı və tammetrajlı debüt bədii filmlərin, beynəlxalq birgə layihələrin istehsalı, Azərbaycan kino sənətinin dünyada təbliği ilə yanaşı INTERACT tipli tədris proqramlarının həyata keçirilməsi istiqamətində də fəaliyyət göstərir.
Tədris laboratoriyası funksiyasını həyata keçirəcək INTERAC layihəsinin məqsədi Azərbaycanda kino sahəsində təhsil alan tələbələr, həmçinin yeni fəaliyyətə başlayan kinematoqrafçıları təlim, prodakşn və post-prodakşn, distribüsiya və maliyyələşdirmə imkanları ilə təmin etməkdən ibarətdir.
Layihənin həftədə iki dəfə olmaqla bir ay müddətində davam edəcək INTERACT ONLINE adlı ilk mərhələsi gənc kinematoqrafçılara tanınmış beynəlxalq peşəkarlarla onlayn ustad dərsləri vasitəsilə məlumat mübadiləsi imkanını təklif edir. Bütün ustad dərsləri orijinal dildə (müvafiq olaraq ingiliscə və ya rusca) və Azərbaycan dilində sinxron tərcümə seçimi ilə təqdim olunacaq.
INTERACT ONLINE-nin ilkin mühazirəçiləri aşağıdakılardır:
- Anna Qudkova - TNT “Premier” striminq platformasının kreativ prodüseri, redaktor, festival proqramlarının kuratoru, “Kinotavr” festivalında pitçinqlərin yaradıcısı və kuratoru. “Kultburo” tədris mərkəzinin proqram direktoru və həmtəsisçisi. Bir sıra Rusiya və beynəlxalq kino festivallarının münsiflər heyətinin üzvü, pitçinq üzrə mütəxəssis. Rusiyada ilk veb-layihələr pitçinqinin aparıcısı;
- Andrey Zvyagintsev – tanınmış rusiyalı ssenarist və rejissor, “Qayıdış”, “Yelena”, “Leviafan” və digər məşhur filmlərin müəllifi. Venesiya kino festivalında “Qızıl şir” (2013), Kann film festivalında “Ən yaxşı ssenariyə görə” mükafatın, xarici dildə ən yaxşı filmə görə “Qızıl qlobus” mükafatının və xarici dildə ən yaxşı filmə görə “Oskar” nominasiyasının (2015) sahibi. İndiyə qədər cəmi beş bədii film çəksə də, Andrey Zvyagintsev Rusiya və beynəlxalq kinematoqrafın ən nüfuzlu rejissorlarından biridir;
- Matyö Darras – 2017-ci ildə özünün təsis etdiyi “Pop Up Film Residency” kino-rezidensiyasının rəhbəri. Həmçinin “European Network NISI MASA” gənc kinematoqrafçıların Avropa şəbəkəsinin təsisçisi və rəhbəri (2002-2012), “TorinoFilmLab” yaradıcılıq laboratoriyasının həmtəsisçisi və bədii rəhbəri (2008-2018) olub. “Positif” kino jurnalında məqalələri dərc olunub (1998-2016), “Cannes Critics’ Week” (2005-2011) və “San Sebastian Film Festival” (2010-cu ildən) kimi festivallarda festival proqramının tərtibatçısı olub. “First Cut Lab” yaradıcılıq laboratoriyasının həmtəsisçisi və direktorudur.
Qeyd edək ki, INTERACT layihəsinin vorkşoplar və digər tədbirlərdən ibarət olacaq növbəti mərhələlərinin keçirilmə forması və statusu COVID-19 pandemiyasının vəziyyətindən asılı olaraq yenilənəcək.
INTERACT ONLINE-da müntəzəm iştirak gələcək mərhələlərə akkreditasiya almaq imkanı verir.
Layihə iştirakçılarının sayı məhduddur! Buna görə də proqrama qoşulmaq istəyənlərdən www.debutfilms.az/interact saytında onlayn-qeydiyyatdan keçmələri xahiş olunur. Akkreditasiyadan sonra iştirakçılar yuxarıda qeyd olunan ustad dərslərinə qoşulmaq üçün ZOOM platformasına keçid əldə edəcəklər.