Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu digər şəhər və rayonlarda olduğu kimi, Lənkəranda da polis Operativ Qərargahın qərarlarının icrasına nəzarəti həyata keçirməklə yanaşı, çətinliklə üzləşən vətəndaşlara vaxtında lazımi kömək göstərilməsində yaxından iştirak edir.
Teleqraf.com xəbər verir ki, sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Lənkəran rayonunun Şağlaküçə kənd sakini Rəna Fərəcova ötən gün Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək, bacısının 10 yaşlı qızının qidadan zəhərləndiyini bildirib və uşağın xəstəxanaya çatdırılması üçün kömək istəyib. Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları və həmin vaxt polislə birlikdə ərazidə xidmət aparan Daxili Qoşunların hərbi qulluqçuları dərhal həmin ünvana gedərək, azyaşlıya tibbi yardım göstərilməsi üçün onun Lənkəran Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbəsinə çatdırılmasını təmin ediblər.
Həmçinin ötən gün Ürgə kənd sakini Gülqayıt Novruzova gəlininin təcili olaraq Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə çatdırılmasına kömək göstərilməsi üçün polisə müraciət edib. Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal qadının doğuş üçün xəstəxanaya çatdırılması təmin olunub. Bu gün həmin qadın yenidən polisə müraciət edib və yeni dünyaya gəlmiş nəvəsi və gəlininin evə aparılması üçün kömək istəyib. Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər yaşadıqları Ürgə kəndinə aparılıb və yeni dünyaya gəlmiş körpə ailəsinə təhvil verilib.
Hər iki ailə göstərilən köməyə görə polisə təşəkkürlərini bildiriblər.