“Koronavirusla mübarizədə antibiotikdən istifadənin önəmi yoxdur”.
Bunu Teleqraf.com-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O bildirib ki, antibiotikdən paralel olaraq bakterial infeksiyalara qoşulduqda istifadə olunur: “Birmənalı olaraq deyirəm, antibiotik virusa təsir etmir. Antibiotik konkret olaraq bakteriya, göbələk kimi hüceyrəli orqanizmlər və onların içərisində olan ayrı-ayrı növlər üçün təsirlidir. Virusun antibiotikə qarşı həssaslığı yoxdur. Virus hüceyrə daxilində yaşayır, antibiotik ya onu tanımır, ya da ona neqativ təsir edə bilmir”.
Adil Qeybulla hesab edir ki, virusa qarşı antibiotik istifadəsinin önəmi yoxdur: “Virusun müalicəsində patogenetik faktorlara fikir vermək lazımdır. Yəni virus insan orqanizminə daxil olduqdan sonar hansı dəyişikliklər törədirsə, onu əngəlləmək gərəkdir. Əsas virusun bədəndə xəstəlik törətməsinin mexanizmlərini əngəlləyəcək istiqamətdə müalicə tələb olunur”.
Professorun sözlərinə görə, virusa qarşı dərmanlar haqqında kifayət qədər uğurlardan danışmaq olmaz: “Amma bu istiqamətdə çox ciddi işlər gedir, müəyyən irəliləyişlər də var. Yəqin ki, post-pandemiya dövründə bununla bağlı çox ciddi işlər davam etdiriləcək. Artıq təcrübə göstərdi ki, viruslar hər an bizi bu cür qəfil haqlaya bilər”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Tedros Adanom Qebreyesus də yeni növ koronavirusla mübarizədə antibiotikdən istifadənin zərərli olduğunu açıqlamışdı.
O hesab edir ki, getdikcə artan bakterial infeksiyalar daha öncə onları müalicə etmək üçün istifadə edilən dərmanlara qarşı əks-təsir göstərir.