Dünya son 100 il ərzində ikinci dəfədir pandemiya ilə üz-üzə qalıb. Pandemiya sözünün özü əslində həyacan təbili, risk deməkdir. Hamı anlamalıdır ki, SARS da ağır xəstəlikdir, amma Ümumdünya Səhiyyə Təşkilatı bunu pandemiya elan etməmişdi. Bu pandemiyanın şərtlərindən biri virusun həm çox aqressiv olması, həm müalicənin və peyvəndin yoxluğu, həm də xəstəliyin problemli formada yayılması təhlükəsidir. Əfsuslar olsun ki, təkcə bizdə deyil, dünyanın ən böyük ölkələrində belə sərt karantin rejiminin yumşalmasından sonra yeni alovlanma müşahidə edildi. Hazırda Almaniya başda olmaqla Avropada da ciddi sıxıntılar ortaya çıxır.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, həkim Rəşad Mahmudov COVİD-19 haqqında danışarkən deyib.
Deputat əlavə edib ki, düyanın tanınmış ekspertlərin düşüncəsinə görə, bu gün hər bir ölkədə COVİD-19 diqanozu qoyulanlardan daha çox xəstələr var: “3 ay əvvəllə müqayisədə virusun kiçik mutasiyalarla daha aqressiv şəkildə seyr etməsi, ağ ciyərlərdə tutulmanın miqdarının daha çox olması kimi vəziyyətlə üz-üzəyik. Hələ də cəmiyyətdə bu xəstəliyə qarşı şübhə ilə yanaşılması həqiqətən qəbul edilən deyil və təəssüf hissi yaradır.
Mən bir həkim kimi deyirəm ki, hər hansı bir bəhanənin arxasında gizlənmək olmaz. Biz mövcud hadisyə qarşı reaksiyamızı ortaya qoymalıyıq.
Öncə qəbul etməliyik ki, ölkədə pandemiya, epidemiya var və dünyanın hər ölkəsində anoloji vəziyyət hökm sürür. Bu dünyada yoluxucu xəstəliklərə qarşı davranma tərzimizi, münasibətimizi dəyişmək məcburiyyətindəyik. Bundan başqa çarə yoxdur.
Ümid edirəm ki, qısa müddət içərisində pandemiyaya qarşı effektiv mübarizə yolu tapılılacaq. Bu halda həkimlər, ekspertlər, Ümumdünya Səhiyyə Təşkilatı, dövlət və hökumətlər ağır qərarlar vermək məcburiyyətində qalmaz. O cümlədən iqtisadiyyat bərpa olunar. Mən bir daha hər bir kəsi vətəndaşlıq məsuliyyətini hiss edərək hadisə ilə bağlı əsassız söhbətlərdən uzaq olmağa, pandemiyaya uyğun həyat tərzi tətbiq etməyə çağırıram. Eyni zamanda dövlətin verdiyi qayda-qanuna riayət etmələrini tövsiyə edirəm”.
Rəşad Mahmudov əlavə edib ki, ölkəmizdə yoluxmaların çox olması xəstəliyin özünün sürəti ilə bağlıdır: “İkinci səbəb kimi normalda insanların bu hadisəyə olan reaksiyaları ilə əlaqəlidir. Biz cəmiyyət olaraq buna inanmadığımız, mütəxəssislərin tövsiyəsinə əməl etmədiyimiz müddətdə daha çətin vəziyyətə düşə bilərik.
Əslində bu gün kimdənsə tövsiyə, məsləhət almağa da ehtiyac yoxdur. Bu gün oxuya, yaza bilən insanlar Çindən başlayaraq dünyanın hər bir nöqtəsinə yayılan virusun gedişatına baxdığı zaman reallığın nə olduğunu dərk edə bilərlər. İnanlar buna adekvat şəkildə reaksiya verəndə bu zaman yoluxma rəqəmləri aşağı düşür, qorxu azalır, virusu nəzarət və idarə edilməsi asanlaşır”.