22 İyun 2020 11:46
1 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-da Memarlıq və İncəsənət İnstitutu Teatr, kino və televiziya şöbəsinin müdiri Vidadi Qafarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Vidadi müəllim, cəmiyyətdə rəhbəri olduğunuz şöbənin varlığı haqqında az məlumat var. Şöbə neçənci ildən fəaliyyət göstərir və belə az tanınması nə ilə bağlıdır?

- Bilmirəm kimlər şöbədən xəbərsizdir. Amma institut yaranandan, yəni 1945-ci ildən bu şöbə də var. Əvvəl şöbə musiqi və teatr şöbəsi adı altında fəaliyyət göstərib. Ümumiyyətlə, Memarlıq və İncəsənət İnstitutu AMEA ilə eyni vaxtda yaranıb. İnstitutun ilk direktoru dahi bəstəkar Üzeyir Hacıbəyli olub. 1959-cu ilə kimi Musiqi və teatr şöbəsinin direktoru musiqişünas, tarix elmləri namizədi, Azərbaycanın Əməkdar mədəniyyət xadimi Qubad Qasımov olub. 59-cu ildən sonra musiqi ilə teatr ayrı-ayrı şöbələr kimi fəaliyyət göstərməyə başlayıb. Musiqi şöbəsinin müdiri Qubad Qasımov qalıb.

1959-cu ildən 1973-cü ilə qədər teatr şöbəsinə professor, AMEA-nın müxbir üzvü Cəfər Cəfərov rəhbərlik edib. O, vaxtı ilə Mədəniyyət nazirinin müavini, Mərkəzi Komitənin ideologiya üzrə katibi vəzifələrində çalışıb. 1974-cü ildən 1984-cü ilə qədər teatr şöbəsinin müdiri dosent, teatrşünas Ədilə Əliyeva, 1984-cü ildən 2011-ci ilə qədər AMEA-nın müxbir üzvü, professor İnqilab Kərimov olub. 2014-cü ildən bu şöbənin müdiri mənəm.

- Hazırda şöbənin nə qədər işçisi var və onun əsas fəaliyyət istiqamətləri nədir?

- Adlarını çəkdiyim böyük şəxsiyyətlərlə yanaşı, şöbədə Aliyə Təhmasib, Mahmud Allahverdiyev kimi Azərbaycan teatrşünaslığının korifeyləri çalışıblar. Şöbənin 10 əməkdaşı var. İşçilərin əksəriyyəti teatrşünasdır, amma kino və televiziya ilə də məşğul oluruq. Bizim çoxlu aspirant və dissertantlarımız var. Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev şöbənin böyük elmi işçisidir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva, fəlsəfə doktoru, dosent İlham Qacızadə, fəlsəfə doktoru, dosent Rəcəb Məmmədov, fəlsəfə doktoru Məlahət Ağayeva, fəlsəfə doktoru Zülfiyyə İsmayılova şöbənin işçiləridir. Bundan əlavə, bizim müdafiə etməyən dissertant və elmi işçilərimiz də var.

İki il bundan əvvəl Moskvada “Azərbaycançı” kitabı nəşr olundu. Həmin kitabda Azərbaycan teatrı haqqında icmal məqaləm çap olundu. Eyni zamanda Azərbaycan kinosu haqqında Ayaz Salayevin məqaləsi də dərc edildi. Bu kitabın bir tarixçəsi var. Bundan əvvəl Moskvada “Armianı” kitabı nəşr olunmuşdu. Ondan sonra bizimkilər də ayıldılar və ora müraciət etdilər, nəticədə bu kitab ərsəyə gəldi.

Bu kitabda Azərbaycan mədəniyyətinin, incəsənətinin bütün sahələrini əhatə edən çoxlu məqalələr var idi. Kitabın teatr bölməsinin müəllifi mənəm, Azərbaycan kinosu haqqında geniş məqalənin müəllifi isə Ayaz Salayevdir.

Bizim şöbə kadr hazırlığı ilə məşğuldur. Əməkdaşlarımız dövri mətbuatda çalışırlar, müxtəlif məqalələr çap edirlər, televiziya, radio, eləcə də beynəlxalq və yerli konfranslarda çıxışlar edirlər.

Eyni zamanda ötən il Cəfər Cabbarlının yubileyi ilə bağlı respublika səviyyəsində çox geniş konfrans keçirdik və həmin tədbirin materiallarından ibarət geniş toplu çap etdik. Bunların hamısı işdir. Şöbənin direktoru ilə yanaşı, həm də “Teatro.az” saytının baş redaktoruyam. 2011-ci ildə “Kaspi” qəzetində teatr səhifəsi açmışdım, orada gənc teatrşünasları yetişdirirdik. İndi bu işi bizim şöbənin yetirməsi, fəlsəfə doktoru Elçin Cəfərov davam etdirir. Öz payımıza çalışırıq ki, Azərbaycan teatrına xidmət edək.

- Teatr, kino və televiziya şöbəsinin fəaliyyətindən kimlər necə yararlanır?

- Mədəniyyət Nazirliyindən, eləcə də müxtəlif teatrlardan bizə müraciətlər olunur. Hər hansı bir teatrın tarixi ilə bağlı elmi arayış və ya hasısa məsələyə münasibətlə bağlı ekspert rəyi istəyirlər. Gələn il üçün Azərbaycan mədəniyyətinin bütün sahələri ilə bağlı toplu çap olunacaq. Hazırda bu toplu üçün nəzərdə tutulan geniş məqalənin yazılması prosesi gedir.

Bundan əlavə, Qarabağ və İrəvan tarixi ilə bağlı başqa bir toplunun üzərində iş aparılır. Qarabağda və İrəvanda teatr mövzuları ilə bağlı geniş məqalələrhazırlanır. Fundamental işlərlə məşğuluq, ona görə bəzən gündəlik mətbuatda görünməyə bilər. Elmin yükü ağırdır. Bu mənada elmi məqaləni yazmaq bir-iki günün işi deyil. Bəzən günlərlə kitabxanada oturub müəyyən elmi araşdırmalar aparmaq lazım gəlir. Buna görə hər gün elmi məqalə üzə çıxmır.

- Rəhbəri olduğunuz şöbədən xəbərsiz olan ziyalılara nə demək istərdiniz?

- AMEA-da Teatr, kino və televiziya şöbəsindən xəbərsiz olanlar həmin adamın mədəniyyətdən uzaq olmasından, mədəniyyətlə az maraqlanmasından xəbər verir. Həmin şəxslərdən soruşsaq ki, karantindən əvvəl sonuncu dəfə hansı teatrın hansı tamaşasına baxmısız, o, həmin suala cavab verə bilməyəcək. Hər şeyə nihilistcəsinə yanaşan, hər şeyi qəbul etməyən, hər şeyi pis tərəfdən təhlil edənlərlə işimiz yoxdur. Biz başımızı aşağı salıb işləyirik.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər