8 Oktyabr 2014 10:12
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

10-17 oktyabr tarixlərində Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində "Avropa İrs Günləri" layihəsinin qeyd edilməsinə həsr olunmuş müxtəlif tədbirlər keçiriləcək.

Teleqraf.com xəbər verir ki, hər il sentyabr ayının sonu - oktyabr ayının əvvəllərində Avropa Şurası və Avropa İttifaqına üzv ölkələrdə qeyd edilən layihə maarifləndirici kampaniyalar, açıq qapı günləri, rəsmi açılışlar və etnoqrafik şənliklər formasında qeyd olunur.

Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb olunması və milli mədəni irsi təbliğidir.

Azərbaycanda "Avropa İrs Günlərinin" qeyd edilməsi ilə bağlı 11-12 oktyabr 2014-cü il tarixlərində ölkənin ən mühüm mədəniyyət təsisatları ödənişsiz xidmət göstərəcəkdir. Buraya Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət tarix-memarlıq qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən sonrakı mədəniyyət təsisatları daxildir:

•Milli Azərbaycan Tarixi Muzeyi;
•Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi;
•"Qobustan" Milli tarix-bədii qoruğu (Ümumdünya İrs Obyekti);
•Azərbaycan Milli İncəsənət Muzeyi;
•Azərbaycan Xalça Muzeyi;
•"İçərişəhər" Dövlət tarix-memarlıq qoruğu (Ümumdünya İrs Obyekti);
•"Qala" Dövlət tarix-etnoqrafiya qoruğu;
•"Yanar dağ" Dövlət tarix-mədəniyyət və təbiət qoruğu;
•"Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğu;
•"Yuxarı Baş" Dövlət tarix-memarlıq qoruğu
•Qəbələ Dövlət tarix-bədii qoruğu;
•Kiş tarix-memarlıq qoruğu.

Qeyd etmək istəyirik ki, "Avropa İrs Günləri", Avropa vətəndaşları arasında əməkdaşlıq çərçivəsində kütləvi qeyd olunan mədəni təşəbbüslərdən biridir.

1985-ci ildə Avropa Şurası tərəfindən irəli sürülmüş bu təşəbbüsə 1999-cu ildə Avropa İttifaqı Komissiyası da qoşulub. Hər 2 qurum indiyədək bu proqramı birgə davam etdirir. Hər il sözügedən layihə 50 Avropa ölkəsində keçirilir və müəyyən olunmuş günlərdə ziyarətçilər üçün minlərlə abidələrə və tarixi yerlərə ödənişsiz giriş təmin edilir. Hər il təxminən 20 milyona yaxın insan bu təşəbbüsdən yararlanır. Layihənin qeyd olunacağı günlərdə mədəniyyət təsisatlarına 30 minə yaxın ziyarətçinin baş çəkməsi nəzərdə tutulur.

İlhamə


Müəllif:

Oxşar xəbərlər