“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əldə olunmuş razılığa əsasən, 2014-cü ilin oktyabr ayından agentliyin Sumqayıt şəhərindəki “Asan xidmət” mərkəzində “Azərsu” ASC-nin abunəçilərinə bəzi müştəri xidmətlərinin göstərilməsinə başlanılıb.
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Asan xidmət” mərkəzində abunəçilər aşağıda təklif olunan xidmətlərdən istifadə edə bilərlər: Abonentlərin bazadakı məlumatlarına dəyişikliklərin edilməsi; borc haqqında məlumatın (arayış) verilməsi; smart-sayğac quraşdırılan tarixdən karta yükləmələr haqqında məlumatın verilməsi; səbəbindən asılı olmayaraq istənilən ödəniş provayderi vasitəsilə həyata keçirilmiş qüsurlu ödənişin bərpa edilməsi (ödənişin bazaya düşməməsi; bazaya düşən ödənişlərin köşklərdə smart-kartlara yüklənməməsi və s. hallarda); yeni smart-kartların verilməsi; itirilmiş və ya zədələnmiş smart-kartların bərpası; qeydiyyatda olan və “Azərsu” ASC-nin Abonent bazasında təsdiqini tapmış məcburi köçkün qrupuna aid abonentlərin sudan istifadə və tullantı suların axıdılması xidmətlərinə görə limitlərinin smart-karta yüklənməsi; smart tipli sayğacın digər smart-sayğacla əvəz olunması səbəbindən yeni smart-kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi; smart-sayğacların istismar qaydaları haqqında məlumatın verilməsi.
Qeyd edək ki, Sumqayıt şəhərindəki “Asan xidmət” mərkəzi 15-ci məhəllə 42d ünvanında yerləşir.
Yaxın vaxtlarda abunəçilər Gəncə şəhərində yerləşən “Asan xidmət” mərkəzində də “Azərsu” ASC-nin xidmətlərindən istifadə edə biləcəklər. Hazırda isə “Azərsu” ASC-nin xidmətləri Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Yasamal rayonundakı 3 və Sabunçu rayonundakı 4 saylı “Asan xidmət” mərkəzlərində təşkil olunmuşdur. Yaşayış yerindən asılı olmayaraq abunəçilərin bu mərkəzlərdə “Azərsu” ASC-nin xidmətlərindən istifadəsinə məhdudiyyət qoyulmur.
NİGAR