Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş əməkdar artist Bəhram Bağırzadənin səhhətindəki son vəziyyət haqqında həyat yoldaşı Şəhla Bağırzadə məlumat verib.
Şəhla Bağırzadə Teleqraf.com-a açıqlamasında həyat yoldaşının səhhətində yaxşılaşma hiss olunduğunu deyib: "Hələ ki, Bəhramla danışmamışıq. Səhhəti haqqında həkimlər məlumat verirlər. Şükür, yaxşılaşma hiss edilir. Yəqin ki, həftəsonu Bəhram haqqında daha dolğun məlumat verə biləcəyik".
Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Onun ağciyər toxumasının 90 faizdən çox zədələndiyi məlum olmuşdu.