21 İyul 2020 15:14
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər istər qardaş Türkiyədə, istərsə də Azərbaycanda ilahiyyatçı adı ilə bir qrup insan cəmiyyətə, topluma öz ağıllarının məhsulu ilə fətvalar verməyə cəhd edirlər. Amma İslamın təməl prinsiplərinə nəzər saldıqda bəzən onların dediklərinin doğru olmadı aydınlaşır. Təbii ki, bunu Qurani-Kərimin hökmlərinə əsaslanaraq deyirəm.

Bunu Teleqraf.com-a şərqşünas, dini məsələlər üzrə araşdırmaçı Seyid Camal Əzimbəyli deyib.

Şərqşünas Türkiyənin din aliminin kreditlə qurban alıb kəsməyin mümkünlüyü fikrinə aydınlıq gətirib: “Söhbət kreditdən gedirsə, islamda faiz günahdır. Allah bizlər üçün faizə qadağa qərarı verib. Bu məsələdə ehtiyatlılıq nümayiş etdirmək ən doğrusudur”.

Seyid Camal Əzimbəyli bildirib ki, Quranın hökmlərinə görə, hər kəsin qurban kəsməsi vacibdir: “Maddi imkanı olmayan şəxs qurban kəsə bilmədiyi üçün narahatlıq keçirməsi düzgün deyil. Quranın hökmlərinə və hədislərə əsaslanaraq deyə bilərik ki, qurban ilk növbədə Həcc ziyarətində olanlar üçün vacibdir. Dünya müsəlmanları içərisində azərbaycanlılar əsrlərdir ki, qurbanlıq ənənəsinə sadiqdir. Dini-mənəvi dəyərlərə sadiqlik xalqımızın genofonundan gələn bir hisdir. İnsanlarımız Qurban bayramında, Ramazan ayında bunu bir yardımlaşma halına gətirib çıxarıblar”.

Ekspert hazırda ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunmasına diqqət çəkərək bu il Qurban bayramının fərqli qeyd olunacağını deyib: “Çox güman ki, Operativ Qərargah bu il Qurban bayramının necə keçirilməsi ilə bağlı qərarını açıqlayacaq. Çox istəyərdim ki, xalqımızın zəngin insanları qurbanlığı yardımlaşma aksiyasına çevirə bilsinlər. Qurbanlıqda insanlarımız şəhid, qazı qapılarını açsınlar, çünki biz onlara borcluyuq. Doğrudur, kütləvi getmək mümkün deyil, amma qurban hədiyyələri ilə o qapılar açılmalıdır.

Dövlətin nə qədər sosial yardımları olsa da, bunu ilahi sifariş kimi, sosial yardımlaşma halına gətirə bilsək qurbanlığın dəyərini artırmış olarıq. Ona görə də, zəngin insanları öz malı-mülkü hesabına qurbanlıqda ibadət etməyə dəvət edirəm. Bir şeyi untumasınlar ki, mal-mülklə ibadət həmin insanların malının və mülkünün bərəkətini artırır. Onları növbəti bayramlara qəzasız, bəlasız çıxması üçün mübarək səbəbə çevrilir”.

Qeyd edək ki, İstanbul Sabahattin Zaim Universitetinin İslam Elmləri Fakültəsi professoru Rəcəb Cici bildirib ki, qurban kredit kartı ilə alınıb kəsilə bilər. Bir şərtlə ki, ödənişlər vaxtında edilsin və faiz hesablanmasın. Əks təqdirdə bu günah sayılacaq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər