Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığı BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının ölkəmizdə keçirilən 29-cu sessiyası - “COP 29” beynəlxalq konfransına hazırlıqla əlaqədar zəruri tədbirlər görülüb və qarşıya qoyulmuş tapşırıqların icrası layiqincə yerinə yetirilib.
Teleqraf.com-un Şəmkirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov "Şəmkir" Sərhəd Dəstəsində keçirilən mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığı quruda sərhəd mühafizəsini təmin edən və ölkənin strateji maraqlarını qoruyan əsas qurumlardan biridir:
"Əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ciddi inkişaf yolu keçmiş Azərbaycan sərhəd mühafizəsi güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir silah və texnikaya malik olan və qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadirdir. Məhz bu səbəbdən iqlimindən, coğrafi relyefindən, şəraitindən asılı olmayaraq vətənimizin quru sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyini yüksək səviyyədə təmin olunur".