21 İyul 2020 14:33
2 739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deyirlər, şəhidlər ölmür, onlar doğma torpağa qovuşur, Vətənin uca göylərinə yüksəlirlər...

Elə bil, qara xəbər dünən gəlmişdi...

İnanmırsan o gündən 7 gün ötüb...

Şəhid generalımız Polad Həşimovun evindəyik. Onun evinə, "yeddi mərasimin"ə gedəcəyimi biləndə sanki üzərimdə ağırlıq hiss etdim. Bu, məsuliyyət hissi idi.

Onun dəfn və yas mərasimlərindən uzaq qalan biri kimi ilk dəfə generalın ölümünü xatırladan bir mərasimdə iştirak edəcəkdim. Amma yenə də onun ölümsüzlüyünə inamımı itirməyəcəkdim.

Əslində təəssüflənirəm ki, kaş onun yas və vida mərasimində yox, özü ilə salamlaşmağa, belə bir generalla tanışlıq üçün gülərüzlə şad olduğumu bildirməyə imkan verən bir müsahibədə olaydım... Bu günlər hər şəhid xəbəri eşidəndə sanki zərbə alırdım. Ən ağır zərbə general Polad Həşimovun xəbəri oldu.

Şəhidin Sumqayıtdakı evinə gəlmişik. Şəhid qapısı bayraqdan tanınar... Başqa vaxt bunun general mənzili olduğu zənn edilməz... Amma bir istisna var: Polad Həşimovun sevgisi, vətənsevərliyi, ruhu, xarakteri evinə hopub deyə bilərəm.

Qapıya bağlanmış qara lent ölümü, kədəri ifadə edir... Amma onun üzərinə "qonmuş" qırmızı lent ümidin, qələbənin, gələcək müjdələrin simvoludu.

Tünlükdən uzaq, sakit "yeddi mərasimi"di, nə kütləvi axın var, nə izdiham yaşanır. Zəhrimara qalmış virusun yaratdığı pandemiya dövrünün qaydaları belədi. Başsağlığı üçün təşrif buyurmuş Müdafiə Nazirliyinin əməkdaşları, ailənin yaxınları, qohumları, müxtəlif insanlar bir neçə dəqiqə əyləşib mənzili tərk edirlər. Elə biz də qısa müddət dayanmalı oluruq. Susuruq, kədərlənirik, əlbəttə, qürur hissi keçiririk...

General Polad Həşimovun anasının dərdinə də şərik olmağa çalışırıq. O, övladını, ailəsinin başçısını itirib. Ancaq bu itkiyə hamımız ağrıyırıq. Bu ağrı bizimdi! Ölkəmiz polad kimi bir generalla vidalaşmalı olub.

Hər gün Polad Həşimov barəsində yazılanları oxuyuram. O, təkcə övladlarına deyil, orduda tabeliyində olan əsgərlərinə də ata qədər yaxın olub. Elə bu səbəbdən günlərdir onunla vidalaşmağa gələnlərin ardı-arası kəsilmir.

Evin bir otağı şəhidin xatirəsinə ayrılıb. Gənclik şəkilləri, bayraq və hərbi xidmət fotosu...

Polad Həşimov hələ uşaq yaşlarından Vətənə sevgisi ilə fərqlənib. O zamankı Maarif Nazirliyi tərəfindən bir neçə dəfə təltif olunub. Fotolara baxdıqca bir daha generalımızın dəyərini - vətənpərvərliyini, ailə, yurd, ölkə, vətən sevgisini duyduq.

Foto: Ceyhun Rəhimov


Müəllif: Aysel Azad

Oxşar xəbərlər