Təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinə məxus MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin anım günüdür.
Teleqraf.com xəbər verir ki, bu gün ailə üzvləri, yaxınları İkinci Fəxri Xiyabanda mərhum pilotun məzarını ziyarət ediblər.
Rəşad Atakişiyevin həyat yoldaşı Könül Atakişiyeva bildirib ki, bir il onlar üçün çox ağrılı-acılı keçib: "Millətimiz qəhrəmanını, mən həyat yoldaşımı, uşaqlarımsa onları dəlicəsinə sevən valideynini itirdi. Yaramız ilk gündəki kimidir. Deyirlər, zaman yaranı sağaldır, amma qətiyyən belə olmadı.
Onun qəhrəmanlığı ilə fəxr duyuruq. Hər uçuşu qəhrəmanlıq mücəssiməsi idi. Hər addımı qəhrəmanlıq nümunəsi idi və nə elədisə, xalqı üçün elədi. Məhz gecə təlim uçuşlarında, o cür mürəkkəb şəraitdə hava sərhədlərimizi qoruyarkən, bizim evdə rahat yatmağımızı təmin edərkən həyatını itirdi".
Pilotun atası Səlahəddin Atakişiyev oğlunun ölümünün ailəyə ağır sarsıntı gətirdiyini deyib: "Onu da deyim, nə qədər ki, şəhidlərimiz var, deməli, Vətən yaşayır. Bizim övladlarımız da elə övladlardan olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli qeyd edib ki, Rəşad Atakişiyevin yoxluğu təkcə ailəsi üçün yox, həm də millətimiz üçün çox böyük itkidir: "Rəşad sənətini sevən, yüksək vətənpərvərlik duyğuları ilə yaşayan, çoxumuza nümunə olan bir insan idi. Təəssüflər olsun ki, sirli şəkildə aramızdan getdi. Ötən bir il ərzində onun yerinin boşluğu daha aydın nəzərə çarpdı.
Mən bir ildə üç qardaşımı itirmişəm, amma o zaman belə kədər hiss etməmişdim. Bir nəfərin gedişi ailəmizdə çox böyük boşluq yaratdı. Sanki bir neçə ailənin düzəni pozuldu.
Çox sağ olsunlar dövlətimiz, qulluq etdiyi hərbi hissənin rəhbərliyi, Hərbi Hava Qüvvələrinin komandanı yas mərasimindən tutmuş, sonrakı vaxtlara qədər ailənin yanında oldular. Ailənin yükünün, dərd-qəminin azaldılmasında böyük rol oynadılar. Nahaq yerə demirəm ki, Rəşadın ölümü ailə üçün böyük itkidir. Mən onu yaxından tanıyırdım. Böyük əxlaq, mənəviyyat sahibi idi. Ən başlıcası öz sənətini çox yüksək səviyyədə mənimsəmişdi. Onun çox böyük perspektivi vardı, amma əcəl aman vermədi".
Foto: Ceyhun Rəhimov