31 İyul 2020 12:00
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bayramlar bizləri birləşdirən, sevgi, birlik bağlarımızı daha da gücləndirən günlərdir. Müqəddəs Qurani-Kərim Qurban bayramı vasitəsi ilə nəinki İslam aləminə, bütövlükdə dünyaya qardaşlıq, barış və birlik vəd edir”.

Teleqraf.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, bu bayramda müsəlman dünyasında qidaya ehtiyacı olan insanlara yardım nümayiş etdirilir:

“Lakin bu gün xüsusən pandemiya dövründə dünyada qida ilə təmin olunmayan insanların sayı getdikcə artmaqdadır. Hazırda dünyada 1 milyarda yaxın insan və ya təxminən səkkiz nəfərdən biri aclıqdan əziyyət çəkir. Dünyanın digər hissəsində isə gündə minlərlə ton ərzaq israf edilir.

BMT-nin Ümumdünya Ərzaq Proqramının məlumatına görə, hər il 1.3 milyard metrik ton ərzaq məhsulları israf olunur ki, bu da dünyada istehsal olunan ərzaq məhsullarının 1/3-i deməkdir. Zəif inkişaf etmiş ölkələrdə isə hər gün 100 minlərlə insan qida çatışmazlığından dünyasını dəyişir.

Bu baxımdan Qurban bayramı məhz köməyə ehtiyacı olan insanları yada salmaq, onlara dayaq durmaq və onlarla birlikdə olmaq üçündür. İnanıram ki, yalnız bu müqəddəs günlərdə deyil, xeyirxah əməllərimizlə hər zaman sevgi və qayğıya ehtiyacı olan insanların sevinci olacağıq”.


Müəllif: Yeganə Oqtayqızı