13 Avqust 2020 22:09
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın xüsusi xidmət orqanları illərdir sosial şəbəkələrdən Azərbaycana qarşı bir silah olaraq istifadə edirlər”.

Teleqraf.com xəbər verir ki, bu hərbi jurnalist Rəşad Süleymanov deyib.

Onun sözlərinə görə, düşmənin sosial şəbəkədəki fəaliyyətlərini ümumiləşdirməklə iki qrupda cəmləmək olar:

“Birincisi, saxta məlumatlar (dezinformasiya) yaymaqla gündəmi manipulyasiya edir. Bu zaman panikaya içində hərəkət edən istifadəçilər üzərindən özünə lazım olan məlumatları toplayır. Buna qərb qaynaqlarında OSINT (açıq qaynaq kəşfiyyatı) deyilir. İkincisi, özünü daha çox tanıdır və xofunu artırmağa çalışır.

Birinci qrupda fəaliyyətlər daha dinamik şəkildə aparılır. O cümlədən, ordunun komandir heyətin hədəfə alınması, xalq-ordu, əsgər-komandir arasında münasibətlərin pozulmasına yönələn fəaliyyətlər, xüsusilə də cəbhə xəttində xidmət edən və düşmən üçün prioritet təşkil edən istiqamətlərdə komandir heyətinə qarşı yönələn fəaliyyətlər daha açıq nəzərə çarpır.
Düşmənin əsas diqqət yetirdiyi iki sosial şəbəkə mövcuddur: İnstaqram və Feysbuk”.

Rəşad Süleymanov hesab edir ki, gənclərin daha çox cəmləşdiyi İnstaqramın ilkin informasiya mənbəyi kimi əhəmiyyəti böyükdür:

“Başqa sözlə İnstaqram bütün mövzuların sərbəst danışıldığı qəsəbə çayxanası kimi görülə bilər. Orta yaşlı, xüsusən də ehtiyatda olan zabitlərin də cəmləşdiyi Feysbuk isə daha ciddi xəbər mərkəzi sayılır. Feysbukda paylaşımlar deyil, şərhlərin toplanması və analizləri aparılır.

Tovuz döyüşləri sosial şəbəkələrin müsbət və mənfi tərəflərini də üzə çıxardı. Etiraf eləməliyik ki, döyüşlərin son günlərində sosial şəbəkələrin Azərbaycan seqmentinə “soxulmağı bacaran” düşmən “diversantları” ictimaiyyət arasında sonrakı günlərdə söz-söhbətə, suallara yol açan bir çox zərərləri vura bildi. İndi bəzi ekspertlər döyüş əməliyyatları zamanı panika yaradacağını əsas gətirərək, sosial şəbəkələrə girişlərin məhdudlaşdırılmasının vacibliyini önə çəkirlər. Unutmamalıyıq ki, “dərə yiyəsiz qalanda çaqqallar yuva salır”. Digər ölkələrin təcrübəsi onu deməyə əsas verir ki, əslində bu addım daha çox ziyan verər nəinki şəbəkələrin açıq olması. Nəzərdən qaçırmamalıyıq ki, dezinformasiyaların yayılmasında əsas rolu informasiyasızlıq mühiti oynayır.
Müharibə zamanı önəmli olan tək informasiya vermək deyil, informasiyaların idarə edilməsidir. İdarə edilməyən informasiyalar böhranların yaranması ilə nəticələnir”.

Jurnalist bildirib ki, dezinformasiyaların qarşısının alınması isə aramsız informasiya hücumları ilə mümkündür:

“Xüsusi qruplar düşmənin informasiyalara məsul qurumlarını və şəxslərini məşğul edəcək, onları müdafiə açıqlamaları verməyə məcbur edəcək şəkildə dövriyyəyə aramsız informasiyalar (təkzib edilməsi mümkün olmayan saxta məlumatlar daxil) ötürməlidirlər. Eyni zamanda, daxili publikaya hədəflənən informasiyalar həm də, mesajlar şablon şəklində deyil, ictimaiyyətin qəbul edəcəyi üslubda ictimaiyyət tərəfindən qəbul edilən, ictimai-siyasi sferada tanınmış şəxslərin dilindən çatdırılmalıdır. Əks halda insanlar informasiya aclığını xaricdə oturub ağlına gələni danışanlardan qarşılamağa çalışacaqlar. Böhran da məhz o zaman yaranacaq”.

Mənsur Rəğbətoğlu


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər