20 Avqust 2020 15:58
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Gömrük Əməkdaşlıq Şurasının videokonfrans formatında iclası keçirilib.

Dövlət Gömrük Komitəsidən Teleqraf.com-a verilən məlumata görə, iclasda ÜGT-nin Baş katibi Kunio Mikuriya, Şura sədrinin vəzifələrinin müvəqqəti icraçısı Əhməd Əl Xəlifə və Şura sədrinin ÜGT-nin beş regionu üzrə sədr müavinləri iştirak edib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev videokonfransda ÜGT-nin Avropa Regionu üzrə sədr müavini qismində iştirak edib.

ÜGT-nin Baş katibi Kunio Mikuriya çıxış edərək cari vəziyyət, eləcə də təşkilatın fəaliyyətinə dair yeniliklərlə bağlı məlumat verib. Baş katib bu ilin iyun ayının 25-də Şuranın iclasında müzakirə edilən büdcə və harmonik sistemə düzəlişlərlə bağlı məsələlərə toxunub, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar təşkilatın fəaliyyətinin Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında qurulmasının vacibliyini vurğulayıb. Kunio Mikuriya hazırda ÜGT-nin onlayn formatda uğurla fəaliyyət göstərdiyini də qeyd edib.

Təşkilatın Baş katibi Beyrutda baş verən partlayış barədə danışaraq təhlükəsizlik məsələlərinə xüsusi diqqət göstərməyin və bu istiqamətdə mövcud standartların yüksəldilməsinin vacibliyini vurğulayıb. O da qeyd olunub ki, təşkilatın potensialın gücləndirilməsi ilə bağlı fəaliyyəti pandemiya şəraitinə uyğunlaşdırılmalıdır.

Gömrük Əməkdaşlıq Şurasının sədrinin vəzifələrini müvəqqəti icra edən Əhməd Əl Xəlifə cari dövr ərzində bütün sədr müavinlərinin vəzifələrinin öhdəsindən layiqincə gəldiyini bildirib və səmərəli fəaliyyətə görə təşəkkürünü ifadə edib. Əhməd Əl Xəlifə idarəçilik strukturunun təkmilləşdirilməsi və maliyyə məsələlərindən də danışıb. Videokonfransda bu ilin dekabrında Şuranın iclası və müvafiq qurumlara keçiriləcək seçkilərlə bağlı məsələlər də müzakirə edilib.

Təşkilatın Avropa Regionu üzrə sədr müavini Səfər Mehdiyev videokonfrans formatında baş tutan hazırkı iclasın əhəmiyyətindən danışıb və müzakirə edilən məsələlərlə yanaşı, cari ilin dekabr ayında Şuranın ali orqanına seçkilərin keçirilməsini dəstəklədiyini bildirib.

Səfər Mehdiyev təşkilatın fəaliyyəti ilə bağlı prosedur qaydalarının dəyişdirilməsinə münasibət bildirərkən bu məsələyə dair ilk növbədə regional səviyyələrdə görüşlər keçirilməsini və əldə edilən nəticələrin Şura çərçivəsində müzakirə olunmasını təklif edib. Azərbaycan Gömrük Xidmətinin rəhbəri təhlükəsizlik məsələlərindən danışarkən ÜGT-nin bu istiqamətdə xüsusi bəyanatla çıxış etməsini, bu qəbildən olan malların daşınması, saxlanılması ilə bağlı limanlar və orada fəaliyyət göstərən gömrük qurumları üçün təlimatların hazırlanmasının vacibliyini diqqətə çatdırıb.

Müzakirələrin sonunda qurumun fəaliyyətinin hələlik virtual şəkildə davam etməsinə, gələcəkdə isə şəraitə uyğun olaraq formalaşdırılmasına qərar verilib.


Müəllif: Teleqraf.com