13 Oktyabr 2014 12:00
1 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisad Universitetində iki ixtisasa yiyələnmək şansı

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru yeni tədris ilində ali təhsil ocağına qəbul olunan birinci kurs tələbələri ilə görüşüb. 10 fakültə ilə ayrı-ayrılıqda görüşən rektor tələbələrə universitet haqda ətraflı məlumat verərək, yeni tədris ilində görülən işlərdən və yeniliklərdən danışıb.

Yeni tədris standartları

ADİU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı rektor bildirib ki, ötən illərdən fərqli olaraq bu il ADİU-ya qəbul olan tələbələr yeni tədris standartları üzrə təhsil alacaqlar. Bu standartlar tələbəyə dörd il ərzində iki ixtisasa yiyələnmək imkanı verir. Belə ki, ikinci kursu bitirən tələbə ADİU-nun başqa fakültəsinə də qəbul olub, ikinci ali təhsil ala bilər. Bu, tələbəyə əmək bazarında manevr etmək imkanı yaradacaq. Bununla bağlı universitetdə işçi qrup yaradılıb.

SABAH qruplarına yaradılan şərait haqda tələbələrə məlumat verən rektor bu tədris modelinin gələcəkdə bütün universitetə şamil olunacağını bildirib. Rektor universitetin ikinci tədris korpusunda aparılan texniki təchizat işləri haqqında da danışıb. O bildirib ki, yeni quraşdırılan videokonfrans zalı vasitəsi ilə tələbələrin dünyanın istənilən nüfuzlu universitetləri ilə əlaqə saxlamaq, müəllim və tələbə heyəti ilə fikir mübadiləsi aparmaq imkanı var.

Vaxta qənaət edəcək elektron lövhə

Universitet kitabxanasının təkmilləşdirilməsi haqda məlumat verən rektor qeyd edib ki, oktyabr ayının sonuna qədər elektron kitabxana layihəsi tam hazırlanaraq tələbələrin ixtiyarına veriləcək: “Universitetdə yaxın vaxtlarda elektron sənəd dövriyyəsinə keçiriləcək. Tələbələr arayışlarını dəhlizlərdə quraşdırılan xüsusi lövhələrdən sifariş edə biləcəklər. Bu, tələbələrin vaxta qənaət etməsinə kömək edəcək”.

Rektor birinci kurs və SABAH tələbələrinin yazılı imtahan prosesi haqda ətraflı məlumat verib. Bildirib ki, tədris edilən mövzular üzrə 25 sual I-V tədris həftələri ərzində tələbələrə təqdim olunacaq: “Suallar artıq universitetin saytında yerləşdirilib. İmtahan vərəqələri şifrələnəcək və qiymətləndirmə zamanı tələbənin adı və soyadı görünməyəcək. İmtahanın obyektivliyini təmin etmək məqsədilə nəticələrin ekspertlər tərəfindən selektiv qaydada yoxlanılması nəzərdə tutulub. Bütün imtahan prosesi rektorun şəxsi nəzarətində olacaq”.

Komissiya qaydalara riayətə nəzarət edəcək

Görüşdə ADİU-da yeni qüvvəyə minən “Tələbələrin universitetdaxili intizam qaydaları”na da toxunan rektor vurğulayıb ki, universitetdə qaydalara nəzarət komissiyası yaradılacaq və qaydaları pozanlara qarşı müvafiq ölçü götürüləcək. Bu ildən ADİU-da idman dərslərinin ləğv olunduğunu bildirən rektor əlavə edib ki, universitetin bütün tədris korpusundakı idman zalları dərsdən sonra, bayram və istirahət günlərində tələbələrin ixtiyarındadır: “Onlar asudə vaxtlarını bu zallarda keçirə bilərlər”.

“Biz istəyirik ki, tələbələrimiz savadlı və bacarıqlı olsun” deyən rektor, təhsilin keyfiyyətinin tələbələrin tələbləri əsasında formalaşdığını vurğulayıb. O, qeyd edib ki, tələbələr öz təklif və iradları ilə bağlı universitetdə fəaliyyət göstərən “Qaynar xətt”ə müraciət edə bilərlər.

ADİU-nun bütün tədris binalarında keçirilən görüşlərdə rektor tələbələri maraqlandıran sualları cavablandırıb.

SEVİL


Müəllif:

Oxşar xəbərlər