17 Sentyabr 2020 09:05
3 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq dünyada qəbul olunmuş qaydalar mövcuddur: maskadan istifadə, gigiyenik qaydalara riayət və sosial məsafə. Hər kəs bu 3 qaydaya əməl etsə, virus qalsa belə, həyatına normal şəkildə davam edə bilər. Çünki virus var deyə, evə qapanmaq və karantin rejiminə keçmək düzgün deyil. Hamının qaydalara əməl etməsi əsas şərtdir. Eyni zamanda insanların tibbi maskadan istifadəsi onları tək virusdan deyil, digər xətəliklərdən də qoruyur.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Tibb Universitetinin Tədris Cərahiyyə Klinikası Radiologiya şöbəsinin müdiri, dosent Rasim Bayramov deyib..

Şöbə müdiri bildirib ki, maskadan istifadə edə-edə virusa yoluxan şəxs xəstəliyi asimptomatik, ya da çox yüngül keçirir:

“Çünki maska orqanizmə daxil olan virusun miqdarını azaldır. Məktəblərin və metronun açılması ilə ictimai fəallıq artıb. Bunun da nəticəsi olaraq maskasız gəzən insanlara daha çox rast gəlinir. Bu da sözsüz ki, çox risklidir. Belə davam edəcəyi halda yenidən yoluxmada artım olacağı qaçılmazdır. İtaliyada da məktəblərin fəaliyyəti bərpa edilib. Amma orada tənəffüs zamanı uşaqların ümumiyyətlə sinif otağından çölə çıxması qadağan edilib. Çünki istər-istəməz uşaqlar tənəffüs zamanı daha aktiv və yaxın ünsiyyətdə olurlar.

Azərbaycanda da bu qaydanın tətbiqi yaxşı olardı. Nəzərə almaq lazımdır ki, virusla bağlı uşaqlarda tamam başqa proseslər gedir. Çünki uşaqlar səssiz virus daşıyıcısıdırlar. Virus orqanizmə daxil olarkən hüceyrəyə nüfuz etmək üçün ACE2 reseptorlarından istifadə edir. Böyüklərdə ACE2 reseptorları ən çox ağ ciyərlər və ürəkdədir. Uşaqlarda isə üst tənəffüs yollarında, əsasən də burun boşluğunda yerləşir. Buna görə də uşaqlar bu xəstəliyi asimptomatik ya da qrip bənzəri simptomlar kimi keçirir.

Onların virus daşıyıcısı ola-ola heç bir əlamət hiss etməmələri mümkün olur. Bu göstərici uşaqlarda 70 faizə yaxındır. Bu da sözsüz ki, olduqca təhlükəlidir. Çünki uşaq məktəbdən evə qayıdanda onun virusa yoluxduğunu heç kim hiss etməyəcək. Böyüklərdə simtomlar hiss edilir. Amma uşaqlarda bunu müşahidə etmək olmur. Virusa yoluxmuş uşaqla, yoluxmamış uşaq arasında heç bir fərq, əks effekt yoxdur. Belə olan halda uşaqların virusu evə daşıma riski daha yüksək olur".

Rasim Bayramov qaydalara əməl etməklə bütün sferalarda fəaliyyəti bərpa etməyin mümkün olduğunu da diqqətə çatdırıb:

"Virusun nə vaxta qədər davam edəcəyi ilə bağlı proqnoz yoxdur. Bunlara baxmayaraq qaydalara riayət etməklə heç də virusdan qorxmaq lazım deyil. Artıq 7 peyvənd növü FAZ-3 mərhələsindədir. Yəni, peyvəndin artıq 30 mindən artıq insan üzərində nümunəsi də həyata keçirilib. Rusiyanın hazırladığı peyvəndin nəticələri ilə bağlı da müsbət fikirlər var.

Çox güman ki, 2021-ci ilin yanvar ayından peyvəndin kütləvi istehsalına başlanılacaq. Amma dünya əhalisini tam təmin edəcək sayda peyvəndin hazırlanması ilə bağlı da fikirlər söyləmək düzgün olmaz. İlk növbədə risk qrupuna daxil olan şəxslərin peyvəndlənməsi məsələsi gündəmdə olacaq. Bu risk qruplarına səhiyyə işçiləri, yaşlılar və işinə görə başqaları ilə sıx təmasda olanlar daxildir. Bu peyvəndlənmənin də nə vaxta qədər davam edəcəyi ilə bağlı da fikir söyləmək çətindir. Çünki peyvənd istehsal edən şirkətlərdən biri açıqladı ki, illik istehsalımız 300 milyon ola bilər. Nəzərə alsaq ki, hazırda peyvənd hazırlayan real şirkət sayı 7-dir. Tam istehsal güclərini nəzərə alsaq, bu göstəriciylə 1 ilə dünya əhalisinin yarısı belə peyvəndlənə bilməz".

Dosent qeyd edib ki, peyvəndin qiyməti ilə bağlı da müxtəlif fikirlər səslənir:

“Bəzi şirkətlər bunu pulsuz yaymaq istəyir. Amma qiymətlərin 10 dollar civarında olacağı gözlənilir".

Radioloq əlavə edib ki, eyni zamanda hazırda bəzi Avropa ölkələrində artıq ikinci dalğa yaşanır:

“Azərbaycanda da payız mövsümündə yoluxma əmsalında artım olması mümkündür. ÜST-ün də açıqlamasına görə, oktyabr-noyabr aylarında ölüm sayı çox ola bilər. Çünki mövsümü xəstəliklərlə, koronavirusa yoluxma riski üst-üstə gələcək ki, bu da riski artıracaq. Ona görə də insanlar ilk növbədə tibbi maskadan istifadə etməlidirlər. Ümumiyyətlə qrip sezonlarında da insanların maskadan istifadəsi tövsiyə edilir. Bunu birdəfəlik zəruri və sağlamlığa xidmət edən qayda kimi qəbul etməliyik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər