İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan ordusunun apardığı qətiyyətli əks-hücum həmləsi davam edir.
Teleqraf.com xəbər verir ki, bunu bugünkü mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
O bildirib ki, itirilmiş mövqeləri geri qaytarmaq məqsədilə Madagizd istiqamətində əlavə qüvvələr cəlb edən düşmən hücuma cəhd göstərir və Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutub:
"Düşmənin cəhdinin qarşısı alınıb. Az əvvəl Ermənistan silahlı qüvvələri taktiki zenit raket kompleksini tətbiq edib. Hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbilə atılan raketlərdən 3-ü partlamayıb. Azərbaycan ordsunun dəqiq atəş zərbələri ilə Ermənistan ordsunun Xocalı rayonunun Şuşakənd ərazisində 1 ədəd S-300 zenit raket qurğusu sıradan çıxarılıb".
Nazirlik rəsmisi qeyd edib ki, düşmənin Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsində yerləşən 5-ci motoatıcı alayın və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayın 1-ci taborunun mövqeləri dağıdılıb: "Düşmənin Cəbrayıl rayonu istiqamətində yerləşən döyüş texnikaları məhv edilib. Füzuli rayonu istiqamətində yerləşən 4-cü tabor ağır artilleriya atəşinə tutulub. 18-ci motoatıcı diviziyasının komanda məntəqəsinə atəş zərbələri endirilib. Qoşunların idarə edilməsi tam pozulub. Bundan başqa, 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Donaşendə yerləşən 7-ci alayının 2-ci taborunun şəxsi heyəri ağır itkilərə məruz qalaraq, müdafiə mövqelərini özbaşına tərk edərək qaçıb. Həmin diviziyanın hazırda Ağdərə yaşayış məntəqəsində yerləşən 5-ci dağatıcı alayının qərargahına zərbə endirilib".
A.Eyvazov vurğulayıb ki, əks-hücum əməliyyatı başlayandan indiyədək düşmənin 2300-dən artıq canlı qüvvəsi məhv edilib: "130-dan artıq tank və digər zirehli texnikaları, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dən çox hava hücuçundan müdafiə vasitələri,6 komanda idarəetmə və komanda müşahidə məntəqəsi məhv edilib. Həmçinin, 5 silah-sursat anbarı, 50-dən artıq tank əleyhinə vasitələr, 55-dən artıq avtomobil texnikası məhv edilib.
Hazırda cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriyalarının məhv edilməsi və ərazilərin təmizlənməsi əməliyyatı davam edir. Ağır itkilərə məruz qalan düşmən ölü və yaralıların evakuasiyasını təşkil etməkdə aciz qalıb".
A.Eyvazov döyüşlərdə əldə olunan qələbələrin xalq arsında ruh yüksəkliyinə səbəb olduğunu vurğulayıb: "On minlərlə azərbaycanlı Müdafiə Nazirliyinə müraciət edərək əsgərlərimizlə birlikdə könüllü olaraq döyüşmək istəyini dilə gətirib. Müdafiə Nazirliyinin rəhbərliyi adından Azərbaycan əsgərinə dəstəkləri üçün onlara təşəkkür edirik və döyüşlərə qoşulmaq istəyənlərə aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmələrini tövsiyə edirik".