“Azərbaycan alimlərinin nüfuzlu beynəlxalq elmi jurnallarda məqalələr çap etdirmə səviyyəsi pis deyil, ancaq istərdik ki, bu, daha yaxşı olsun. Çünki Azərbaycan bu sahədə bəzi MDB ölkələrindən geridə qalır. Bu jurnallarda məqalə çap etdirməyə tələbat çox yüksəkdir. O tələbata uyğun məqalələr hazırlanır”.
Teleqraf.com-un xəbərinə görə, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə gənc alim və mütəxəssislərin I beynəlxalq konfransında jurnalistlərə açıqlamasında bildirib.
A.Əlizadə qeyd edib ki, bu gün Azərbaycan alimləri dünya elminə bəzi töhfələr verməkdədir: “Azərbaycan alimlərinin seysmiklik və palçıq vulkanlarının öyrənilməsi sahəsində öz dəst-xətləri var. Bu gün Azərbaycan alimləri dünya palçıq vulkanlarının ikicildlik atlasını hazırlayaraq dünya elminə yeni töhfə veriblər. Digər tərəfdən, neçə illərdir ki, Avropada Adron Kollayder qurulub. Bu işdə bizim alimlərimizin fizikləri mühüm rol oynayır. Burada çalışan 6-7 Azərbaycan aliminin öz dəst-xətti var. Digər tərəfdən, bizim kimyaçılarımızın neft-kimya sahəsinə böyük töhfələri var”.
NİGAR