Arıçıların “Dəyirmi masa”sında bu fikir səslənib
Bakı şəhərində arıçılığa həsr olunmuş “Dəyirmi masa” keçirilib. Teleqraf.com Kənd Təsərrüfatı Nazirliyinə (KTN) istinadla xəbər verir ki, “Dəyirmi masa”da nazirliyin, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin məsul işçiləri, Türkiyə Respublikası Başnazirlik Türk Əməkdaşlığı və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisinin rəhbəri Mustafa Polad, Azərbaycan Arıçılar İttifaqının üzvləri, Naxçıvan Muxtar Respublikasının, Astara, Qax, Tərtər, Lerik, Zaqatala, Biləsuvar, Cəlilabad, Daşkəsən və digər rayonlardan olan arıçılar iştirak etmişdir.
Tədbirdə KTN-nin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Qalib Əbdüləliyev açaraq bildirib ki, son illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı ilə yanaşı aqrar sahədə də bir çox nailiyyətlər əldə olunub. O, arıçılığın inkişaf etdirilməsində də müsbət irəliləyişlərə nail olunmasından danışaraq deyib ki, son dövrlərdə ölkədə arıçılığa maraq artıb. Hazırda respublika üzrə 240 minə yaxın arı ailəsi vardır. Respublikanın rayonlarında mövcud olan arıxanalar müvafiq qanunvericiliyə uyğun qaydada qeydiyyata götürülərək onlara baytarlıq-sanitariya pasportu (şəhadətnaməsi) verilir. Arıçılıqla məşğul olan sahibkarların istehsal etdikləri bal və digər məhsullarının keyfiyyəti rayonun əhatə olunduğu zona baytarlıq laboratoriyası tərəfindən yoxlanılaraq müvafiq ekspertiza rəyi verilir.
"Dəyirmi masa"da arıçılıq sahəsində mövcud olan problemlər, o cümlədən arıxanaların qeydiyyatı sisteminin yaradılması, damazlıq tədbirləri şəbəkəsinin genişləndirilməsi, arıçılıq məhsullarının marketinqinin təşkili, normativ-texniki sənədlərin hazırlanması, mütəxəssis hazırlığı, elmi-tədqiqat işləri və s. ətrafında geniş müzakirələr aparılıb.
TİKA-nın Bakı ofisinin rəhbəri Mustafa Polad çıxış edərək təşkilatın Azərbaycanda həyata keçirdiyi layihələrdən, Türkiyədə arıçılığın inkişafından və arıçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarından danışıb.
NİGAR