Ermənistan ordusunun Azərbaycanın dinc əhalisini hədəf alması terror aktı, hərbi cinayətdir. Bunu pisləyirəm. Bu, aqressiyadır. Hərbçilər döyüş meydanında döyüşər, terroristlər isə dinc əhalini hədəf alarlar.
Teleqraf.com xəbər verir ki, bunu oktyabrın 14-də Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin baş keşişi Varfolomey Denis Sotnikov Gəncədə jurnalistlərə müsahibəsində deyib.
Baş keşiş bildirib ki, Ermənistanın Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni hədəf alınmasını, nəticədə uşaqların, qadınların və yaşlı insanların qətlə yetirilməsini qınayır.
Denis Sotnikov qeyd edib ki, dinc əhalinin heç bir günahı yoxdur. Amma ermənilər Azərbaycanı təxribata çəkmək üçün qəsdən belə məkrli addımlar atırlar: “Bizim Prezidentimiz İlham Əliyev çox müdrik siyasətçidir. O, insanları qələbəyə aparır, düzgün yola çağırır. Bugünkü dualarımızda dünyaya sülh arzuladıq, işğal altındakı torpaqlarımızın azad olunmasını dilədik və həlak olan dinc sakinlərin xatirəsini andıq. Qarabağ bizim torpaqdır. Mən milliyyətcə rus olsam da, Gəncədə doğulub boya-başa çatmışam. Gəncə mənim üçün doğma şəhərdir, doğma torpaqdır. Bu gün burada mərasim keçirilən kilsə də ermənilərin Gəncəyə atdığı raket zərbələri nəticəsində ciddi zərər görüb.
Təbii ki, Ermənistanın bu addımı çox pisdir. Belə olmalı deyil. Tolerant və multikultural ölkə olan Azərbaycan 30 il səbirlə gözlədi ki, torpaqlarımız sülh yolu ilə azad edilsin. Biz dua edirik ki, ölkəmizdə, torpaqlarımızda sülh bərqərar olsun. Mən bütün dünyaya müraciət edirəm ki, bizim haqq işimizə mane olmasınlar. İşğala son qoyulmalıdır”.
Qeyd edək ki, oktyabrın 14-də Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində Ermənistan ordusunun oktyabrın 11-də gecə saatlarında törətdiyi terror aktı nəticəsində həlak olmuş dinc sakinlərin anma mərasimi keçirilib.