İradə Cavadova: “Önəmli olan etibardır”
Ailədə hər hansı mübahisənin hüquqi müstəvidə həlli, yaxud dövlət orqanları ilə hansısa sənədləşmə işlərini həyata keçirən zaman hər birimizin hüquqi yardıma ehtiyacı olur. Belə hallarda insanlarımız vəkilə müraciət etməkdən ehtiyat edirlər. Bu, bir tərəfdən maddi problemlə əlaqədar olsa da, başqa səbəblər də istisna deyil.
Belə olan halda dünya ölkələrinin hüquq sistemində geniş tətbiq olunan ailə vəkili təcrübəsinə Azərbaycanda da ehtiyac yaranır.
Ailə həkimi, ailə vəkili, ailə maliyyə məsləhətçisi...
Hüquqşünas Vüqar Cavadovun sözlərinə görə, inkişaf etmiş demokratik ölkələrdə ailələrin məsləhətçiləri sırasına ailə həkimi, ailə hüquqşünası, ailə vəkili və ailə maliyyə məsləhətçisi daxildir. Hüquqşünas bildirir ki, həmin şəxslər mümkün qədər ailələrin yaşadıqları əraziyə yaxın yerdə ofis götürürlər:
“Həmin ailələrə xidmət göstərməsi qarşılığında ailə məsləhətçilərinə müqavilə əsasında hər ay müəyyən vəsait ödənilir. Rusiyada, Avropanın əksər ölkələrində ailə vəkilindən istifadə geniş yayılıb.
Azərbaycanda isə belə bir institut yoxdur. Bu gün əksər ailələrdə avtomobil var, hər hansı bir avtonəqliyyat hadisəsi baş verdikdə, hüquqi savadın olmaması üzündən belə şəxsləri asanlıqla rüşvət verməyə cəlb etmə halları baş verir. Bunun qarşısını almaq üçün vəkilə ehtiyac yaranır. Yaxud ailə quran gənclərin hüquqi baxımdan məlumatlandırılmasına yardım etmək mümkündür. Yəni hüquqi yardıma ailələr hər an ehtiyac duya bilər. Ailə hüquqşünası həmin ailəyə keyfiyyətli hüquqi yardım etməklə yanaşı, müvafiq hüquqi məsləhətlər, mübahisəli məsələlərlə bağlı tövsiyələr verə bilər. Bundan başqa, qeyd olunan mübahisəli məsələlərlə bağlı ərizə, təklif və şikayətlərin hazırlanmasını həyata keçirər. Bu minvalla, ailələr daimi olaraq bu ailə hüquqşünasında qeydiyyatda dayanar. Digər tərəfdən, ailənin gələcəkdə hər hansı bir biznes və sosial yönümlü xeyriyyə məqsədləri üçün dövlət orqanlarında qeydiyyatlarının aparılması və müvafiq sahədə müqavilələrin tərtib olunmasında işlər görmək mümkündür. Bütün bunların həyata keçirilməsi üçün isə Azərbaycanda ailə hüquqşünası institutuna ehtiyac var”.
Məsələ ictimailəşdirilməlidir
Hüquqşünas dedi ki, ailə ilə vəkil arasında bağlanan müqavilə şərtləri tərəflər arasında razılaşdırıla bilər: “Bütün sahələrdə olduğu kimi, burada da müqavilə hər iki tərəfin razılığı əsasında bağlanır”.
Hazırda ailə problemləri ilə bağlı seminarlar təşkil etməyi nəzərdə tutduğunu bildirən hüquqşünas dedi ki, bu məsələ daha çox ictimailəşdikcə insanlarımızın marağına səbəb olur: “Biz ailə problemləri ilə bağlı pilot layihə həyata keçirmək niyyətindəyik. ”Facebook" sosial şəbəkəsində hüquqi yardım profili açmışıq və vətəndaşlara müraciət etmişik. Hazırda bir neçə ailə bu seminarlarda iştirak etmək marağındadır".
Ən vacib məqam etibardır
Tanınmış vəkil İradə Cavadovanın sözlərinə görə, ailə vəkili üçün önəm verilən ən vacib məqam etibardır. Hüquqşünas bildirdi ki, iş praktikasında ona ailə vəkili olaraq müraciətlər edilir: “Bir neçə il bundan qabaq mənə ailə müraciət edib və onlara bu gün də mən vəkil kimi hüquqi yardım göstərirəm. O ailənin hüquqi baxımdan bütün problemlərini bildiyimə görə, hər hansı bir problem yaranarsa, dərhal müdaxilə edib, köməklik göstərirəm. Uşağın anadan olmasından tutmuş mirasın qəbuluna qədər - doğum haqqında, yaxud ölüm haqqında şəhadətnamənin alınması, mirasın qəbulu, daşınar-daşınmaz əmlakın alqı-satqısı və bu kimi bütün problemləri ailənin mənə verdiyi uzunmüddətli etibarnamə əsasında yerinə yetirirəm. Tutaq ki, məhkəmə prosesində gedib o ailənin hər hansı bir üzvünü təmsil etmək lazımdır, mən vəkillər kollegiyasının üzvü olduğuma görə, order tərtib olunması vacibdir”.
Ailə vəkili ailənin etibarını qazanmalıdır
İ.Cavadova dedi ki, ailə vəkilinin ailənin sirrini qorumaq kimi vacib məsuliyyəti də var: “Ailə vəkili daha çox ailənin etibarını qazanan hüquqşünas olmalıdır. Məsələn, ”vəkil sirri", “həkim sirri” anlayışları var ki, ailə bütün sirrini bu insanlara etibar etdiyindən, ailənin sirrinə görə həkim də, vəkil də məsuliyyət daşıyır. Bu sirrin yayılmaması müqavilə ilə də tənzimlənir. Ona görə də ailə vəkilində ən əsas məsələ etibardır. Doğrudur, peşəkarlıq da önəmlidir. Amma məhkəmə çəkişmələrində vəkilin peşəkarlığı nə qədər önəmli məsələdirsə, ailə vəkililyində etibar o qədər önəmlidir".
İ.Cavadova onu da bildirdi ki, ailə vəkili institutundan bir qayda olaraq imkanlı ailələr yararlana bilir: “Çünki mütəmadi ödəniş etmək lazım olur. Avropa ölkələrində də belə praktika mövcud deyil ki, imkansız ailələrin ailə vəkili olsun. Bu məsələ ailənin maddi durumuna bağlıdır. Ola bilər ki, ailənin müqavilə bağladığı vəkil cüzi miqdara razılaşa bilər, yaxud yüksək qonorar tələb edə bilər. Vəkil var saatını 5 manata dəyərləndirir, elə vəkil də var 200 manata. Ona görə, bu məsələ vəkillə ailə arasında olan münasibətlərdən asılıdır. Ola bilər ki, vəkil pulsuz hüquqi yardım göstərsin. Məsələn, telefon vasitəsilə zəng edib, pulsuz məsləhətlər alanlar bizdə çox olur. Bu məsələdə vəkil heç kəsə tabe olmadığına görə, bu məsələnin maddi tərəfi yalnız onun razılığı ilə mümkündür”.
Sevil Hilalqızı