Macarıstanın paytaxtı Budapeştdə yerli və ətraf şəhərlərdən olan azərbaycanlılar parlament binasının yaxınlığında yerləşən Azadlıq Meydanında icazəli etiraz aksiyası keçiriblər.
Teleqraf.com xəbər verir ki, aksiyada Azərbaycan, eləcə də türk icmasının nümayəndələri iştirak edərək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazi bütövlüyünü pozaraq Bərdə şəhərinə hücumu zamanı ölən və yaralanan dinc sakinlərin xatirəsini yad edib, Azərbaycan dövlətinə və xalqına qarşı olan bu terror aktına öz etirazını bildiriblər.
Aksiya dinc nümayiş şəklində keçdiyi üçün toplantı iştirakçıları hücumun qurbanlarını anmaq məqsədilə yerdə şamlardan ibarət “Bərdə” yazısı, törədilən vəhşiliyi daha aydın göstərmək üçün isə qadın, kişi və uşaq ayaqqabıları və qan illüstrasiyalı geyimlər qoyublar. Tədbirdə Azərbaycan, Türkiyə və Macarıstan bayraqları dalğalandırılıb və “Gözünü aç!”, “Bərdə üçün dua et!” və s. kimi şüarlar səsləndirilib.