8 Noyabr 2020 11:52
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdən olan vətəndaşların kiçik bizneslərinin qurulması üçün özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təminatını davam etdirir.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, bu gün Bakının bir neçə rayonunda həmin kateqoriyadan olan daha bir qrup proqram iştirakçısına biznes planlarına uyğun aktivlər verilərək, istehsal və xidmət sahələri üzrə kiçik müəssisələri yaradıldı.

Onlar dogma torpaqlarının işğaldan azad edildiyinə, 30 ilə yaxın davam edən yurd-yuva həsrətlərinə son qoyulduğuna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər, qüdrətli Ordumuzun rəşadətindən qürur hissi keçirdiklərini vurğuladılar. Artıq kiçik müəssisə sahibi olan vətəndaşlar onların sahibkarlığa çıxışı üçün yaradılan bu imkana görə də dövlətimizin başçısına təşəkkürlərini ifadə etdilər. Onların yolunu gözləyən yurdlarına kiçik sahibkar kimi qayıdacaqlarını fərəhlə bildirdilər.

Zəngilan şəhərindən olan Şirin Cəfərov proqram çərçivəsində dülgər avadanlığı ilə təmin edildi. O, biznesini doğma şəhərində - Zəngilanda davam etdirəcəyini, bacardığı dülgərlik işi sahəsində öz bölgəsində əhaliyə xidmət göstərəcəyini dedi.

“Artıq məcburi köçkün deyiləm, öz yurduma qayıtmağa hazırlaşan kiçik biznes sahibiyəm, bundan gözəl nə ola bilər!” deyən Ş.Cəfərov kimi düşünənlərdən biri də özünüməşğulluq proqramı çərçivəsində musiqi avadanlıqları ilə təmin edilən, Cəbrayıl rayonunun işğaldan azad olunan Sirik kənd sakini Əhməd Şükürovdur. O, Cəbrayıl rayonunun azad edilməsi xəbərini aldıqdan sonra özünün və doğmalarının sonsuz sevinc içində olduğunu vurğuladı. Yurduna qayıdaraq dogma torpağını sevə-sevə yaşayacağını, verilmiş aktivlər hesabına qurduğu biznesini də elə Cəbrayılda inkişaf etdirmək üçün çalışacağını bildirdi.
Laçın rayonundan olan Maisə Səmədovaya broyler inkubatoru sahəsi üzrə aktivlər təqdim edildi. Laçının da qələbə xəbərini səbirsizliklə gözlədiyini deyən Maisə Səmədova təsərrüfatını doğma yurdunda – Laçında genişləndirmək arzusunu da ifadə etdi.

2020-ci il ərzində proqram çərçivəsində 12 min ailənin kiçik biznesə çıxışının təmin edilməsi işləri aparılır. Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il artıq 8300-ə yaxın işsiz və aztəminatlı şəxs özünüməşğulluq proqramına cəlb olunub, onlardan 4500-ə yaxını mal və materiallarla təmin edilib və bu proses davam edir.

Proqramın icrası zamanı əlilliyi olan şəxslər, şəhid ailələri, ünvanlı sosial yardım alan ailələrin üzvləri və digər həssas qruplarla yanaşı, məcburi köçkünlərə də üstünlük verilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər