2 Dekabr 2020 14:36
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, son vaxtlar virusla mübarizəyə diqqəti azaltdıq. Müharibə şəraiti, insanların stress və həyəcan keçirməsi immunitet sisteminin aşağı düşməsinə səbəb oldu.

Teleqraf.com xəbər verir ki, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Bütün bunlar COVID-19-u unutdurdu və xəstəliyə yoluxanların sayı 4 mini keçdi. Əgər əvvəllər gündə 2 ölüm hadisəsi baş verirdisə, bu gün yoluxma çoxaldığı üçün ölüm halları da artıb".

Adil Allahverdiyev qeyd edib ki, 20 yaşına qədər şəxslər xəstəliyin daşıyıcısı hesab olunur: "20 yaşdan aşağı olanlar ölüm daşıyıcıları hesab olunur. Onlar ətrafa ölüm saçırlar. Hər kəsin ətrafında xəstələr var. 20 yaşa qədər olan şəxslərə müraciət edirəm, əgər ailənizdəkilərin yoluxmasını istəmirsinizsə, qaydalara riayət edin. Bu virus çox qəliz virusdur.

Yanınızda kimsə siqaret çəkirsə, siz ondan uzaqlaşsanız da qoxunu hiss edirsiniz. Siqaret tüstüsü belə virus molekulları yayır. Taksiyə daxil olar-olmaz pəncərəni açın, havalandırın.

50 yaşdan yuxarı şəxslər birbaşa təhlükəlidir. 4 faiz insanlarda genetik olaraq immunitet sistemi çalışmır və onlarda yoluxma xəstəliyindən asılı olmayaraq ölümlə nəticələnə bilər".

Adil Allahverdiyev vaksin məsələsinin gündəmdə olduğunu deyib: "Amma vaksinə ümid etmək olmaz. Bu gün sosial məsafə saxlamaq, kütləviliyi azaltmaq vacib məqamdır. Virus kütləviliyi sevir.

Nə qədər sərt tədbirlər görülmüş olsa, bu o qədər doğrudur. Sərt tədbirlərə mütləq əl atılmalıdır. Artıq xəstələri yerləşdirməyə yer qalmır. Həkimlər də əldən düşür. Sərt tədbirlər görülmədiyi halda virusun qarşısını almaq mümkün olmayacaq. Dünyanın bütün ölkələrində bu tədbirlər görülür.

İnanıram ki, insanlarımız vətən müharibəsindən sonra ölkəmizə hər formada dəstək göstərəcəklər. Bununla əsgərlərimizin qayğısını çəkmiş oluruq".


Müəllif: Aysel Azad