Dekabrın 11-də Azərbaycan Milli İncəsənət Muzeyində İtaliyanın Sartirano yarmarkasından satın alınaraq Vətənə gətirilən xalçaların təqdimatı və Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaranmasının 40 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Mədəniyyət Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbiri giriş sözü ilə mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov açaraq Qarabağın düşmən işğalından azad edilməsi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı Qələbə münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb.
Mədəniyyət Nazirliyi tərəfindən satın alınan xalçalar haqqında məlumat verən Anar Kərimov bildirib ki, İtaliyanın məşhur Sartirano yarmarkasında satışa çıxarılan XVII-XIX əsrlərə aid elmi, bədii, tarixi və muzey əhəmiyyəti kəsb edən 3 ədəd unikal Azərbaycan xalçası ölkəmizə gətirilib: “Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim diqqət və qayğı göstərilən xalçaçılıq sənətinin inkişafı, beynəlxalq arenada tanıdılması, dünya şöhrətli muzeylərdə qorunan Azərbaycan xalçalarına düzgün atribusiyanın verilməsi, xarici hərrac və auksionlarda satışa çıxarılan xalçalarımızın alınaraq ölkəmizə geri qaytarılması istiqamətində mühüm işlər görülür.
Dövlət başçısının 28 fevral 2018-ci il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın 7.1.7. bəndinə (yüksək keyfiyyətli, bədii əhəmiyyətli, həmçinin nadir xalçaların satın alınması ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi) əsasən bu xalçaların alınması xüsusilə böyük əhəmiyyət kəsb edirdi. Əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağın düşmən işğalından azad edildiyi bu tarixi dövrdə məhz Qarabağ xalçalarının öz vətəninə qaytarılması tariximiz və mədəniyyətimiz üçün mühüm hadisədir”.
Qeyd olunub ki, Qarabağın ən məşhur xalçalarından olan “Çələbi” xalçası Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialına, “Quba” xalçası isə Milli Xalça Muzeyinə hədiyyə edilir. Qarabağ xalça qrupuna aid olan digər orijinal xalça isə Azərbaycan Milli İncəsənət Muzeyinə təhvil veriləcək.
Anar Kərimov Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin 40 illik yubileyi haqqında da tədbir iştirakçılarına məlumat verdi. Qeyd etdi ki, Tarix-Diyarşünaslıq Muzeyinin 40-cı ildönümünün məhz zəfər çaldığımız bu ilə təsadüf etməsi ikiqat sevincdir.
Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Tariyel Abbasov çıxışında vurğuladı ki, bu mədəniyyət ocağı torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı eksponatlarının böyük əksəriyyətini xilas edən yeganə muzeydir. Ümumilikdə o dövr üçün mövcud 17 mindən çox eksponatın təxminən 16 mini xilas edilib. Xilas edilən həmin eksponatlar Azərbaycan Milli İstiqlal Muzeyində yerləşdirilib.
Daha sonra Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaranmasının 40-cı ildönümündə muzeyin əməkdaşlarının yorulmaz fəaliyyətini, əldə etdikləri nailiyyətləri, qürbət həyatı yaşamalarına baxmayaraq, daima muzeyin kolleksiyalarının zənginləşdirilməsi üçün çalışdıqları nəzərə alınaraq, Mədəniyyət Nazirliyi tərəfindən onların hər biri pul mükafatı və fəxri fərmanla təltif edilib.
Tarix-Diyarşünaslıq Muzeyinin 40 illiyinə həsr olunan videoçarx nümayiş etdirildikdən sonra muzeyin yubileyi münasibətilə hazırlanan sərgiyə baxış oldu. Qeyd edək ki, pandemiya səbəbindən sərgini virtual formatda museum.az saytı üzərindən izləmək mümkündür.