Həştərxan vilayətində böyük Azərbaycan mütəfəkkiri və ictimai xadimi Nəriman Nərimanovun 150 illiyinə həsr olunmuş beynəlxalq dəyirmi masa keçirilib.Tədbirdə böyük alimin Həştərxanla bağlılığı, gördüyü işlər və Azərbaycan- Həştərxan əlaqələri müzakirə olunub.
Teleqraf.com xəbər verir ki, Nəriman Nərimanovun 150 illiyinə həsr olunan tədbirdə Həştərxanın və Azərbaycanın ictimai, siyasi və elm xadimləri iştirak ediblər.
Həştərxan vilayətinin Beynəlxalq Əlaqələr Agentliyinin rəhbəri Vladimir Qolovkov, Həştərxan vilayətinin Nərimanov rayonunun rəhbəri Valeri Alcanov,Həştərxan vilayətinin fəxri vətəndaşı Ədalət Hüseynov və başqa rəsmi şəxslərin iştirak etdiyi tədbirdə qeyd olunub ki, vilayətdə N. Nərimanov adına şəhər, rayon və 4 küçə var. Bu isə böyük alimin xatirəsinin bu vilayətdə necə əziz olmasına bariz nümunədir.N. Nərimanov Həştərxanda sürgündə olarkən də ictimai-siyasi fəaliyyətini davam etdirib. Elmi məqalələrini vilayət qəzetində dərc etdirib, bir neçə tibbi broşür buraxdırıb. Hər il N.Nərimanov vərəm əleyhinə olan "ağ güllər"bayramı keçirib.
Pandemiya səbəbindən onlayn formatda baş tutan tədbirdə Həştərxan vilayətinin Azərbaycanla əlaqələri də müzakirə olunub. Bildirilib ki, Azərbaycan Həştərxan üçün Xəzər dənizində ən etibarlı tərəfdaşlardan biridir. Uzun illərdir ki, vilayətlə Azərbaycan Respublikası arasında sosial, iqtisadi, mədəni, ticari əlaqələr inkişaf edir və möhkəmlənir. O da qeyd olunub ki, 2018-ci ildə Həştərxanda "Azərbaycan iş mərkəzi"nin açılışı olub.
Gələn ilin martında isə Azərbaycanda Həştərxan İş Mərkəzinin açılması nəzərdə tutulub.
Tədbirdə Azərbaycan tərəfdən Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyev,millət vəkili Hikmət Babaoğlu, politoloq Tofiq Abbasov və başqaları iştirak edib.