19 Dekabr 2020 18:49
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibbi Ərazi Bölmələrinin İdarətemə Birliyi (TƏBİB) koronavirusla mübarizə çərçivəsində müayinə və müalicə ilə yanaşı, daim vətəndaşların maarifləndirilməsi üçün tədbirlər həyata keçirir. Əməkdaşlarımız, koronavirusun müalicəsində təcrübəyə malik peşəkar həkimlərimiz mütəmadi olaraq həm yazılı, həm elektron mətbuatda, eləcə də radio və televiziyalarda çıxışlar edir, koronavirusun profilaktikası istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən qaydalar, tətbiq edilən metodiki göstərişlərin tələblərini izah edirlər, gün ərzində yüzlərlə sorğu qəbul edir və bütün sualları növbəli şəkildə cavablandırmağa çalışırlar. Yeri gəlmişkən, bu işdə medianın bizə verdiyi dəstəyə görə onlara minnətdarlıq etməyi özümüzə borc bilirik.

Teleqraf.com xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

“Bu gün ARB telekanalında yayımlanan “Günə Doğru” proqramında TƏBİB barəsində səslənən fikirlər isə qərəzdən ibarətdir. TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşlarının telefonları daim açıqdır, hətta gecə saatlarında belə gələn zənglərə cavab verirlər. Efirdə adını səsləndirdiyiniz əməkdaş isə 4 aydan artıqdır mətbuatla işləmir. Verilişlərə dəvət sorğularını yazılı cavablandırdığımız üçün sorğunun olmadığını da faktlarla sübut edə bilərik.

Verlişdə iddia olunur ki, ölkədə test problemi var, insanlar test oluna bilmir və özəl klinikalarda qiymətlər bahadır. Bir daha qeyd edirik ki, Azərbaycanda koronavirusu müəyyənləşdirən kifayət qədər test ehtiyatı var və hər gün dövlət hesabına ödənişsiz 20 minə yaxın test olunur.

(Sahə üzrə poliklinikalarda və təcili tibbi yardım vasitəsilə testlərin götürülməsi müvafiq olaraq Səhiyyə Nazirliyinin səlahiyyətindədir). Özəl xəstəxanalarda test götürülməsi təcrübəsi isə dünyada da mövcuddur və istənilən şəxs profilaktik olaraq test vermək üçün müraciət edə bilər. Özəl klinikalar və laboratoriyalara nəzarət və qiymət tənzimlənməsi isə ümumiyyətlə TƏBİB-in səlahiyyətində deyil.

Bəs TƏBİB-in işi nədir? Bu barədə bütün KİV-lərdə artıq məlumatlar yer alıb. Həmin aparıcılar mətbuatda gedən məlumatlarla tanış olsaydılar və verilən qərarları izləsəydilər bilərdilər ki, TƏBİB Respublikadakı pandemiya xəstəxanalarında stasionar (yalnız xəstəxanalarda ) müalicə işinə cavabdehdir”, - deyə bildirilib.

2020-ci ilin iyun ayının sonundan etibarən, Bakı şəhəri üzrə 103 - təcili tibbi yardım xidməti və ambulator yardım xidməti müvvəqəti olaraq pandemiya dövründə iş bölgüsü əsasında Səhiyyə Nazirliyinin nəzarətindədir: “Beləliklə, 103 xidməti və evdə müalicə ilə bağlı bütün suallarınızı aidiyyəti quruma ünvanlaya bilərsiniz. Mənbə: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyul 2020-ci il 377s nömrəli Sərəncamına əlavə edilmiş Tədbirlər Planı.

Aparıcıların və bu barədə məlumatı olmayan digər dəyərli jurnalistlərimizin nəzərinizə çatdırırıq ki, brifinqləri TƏBİB yox, Nazirlər Kabineti yanında Operativ Qərargah təşkil edir. TƏBİB əməkdaşları həmin brifinqlərə dəvət olunur və müəyyən olunmuş mövzu ətrafında fikirlərini bölüşür, sualları cavablandırırlar. Sonuncu dəfə keçirilmiş və vaksinlərə həsr olunmuş brifinqdə terminlərdən istifadəyə gəlincə, qeyd edək ki, tibb elmi spesifik sahədir və burada terminlərdən istifadə etməmək mümkünsüzdür. Həmin brifinqdə hazırlanmış xüsusi slayd əsasında insanlara vaksinlərlə bağlı ümumi məlumat verilmişdir. Və qeyd olunub ki, bu barədə növbəti brifinqlərdə daha ətraflı məlumat çatdırılacaq.

Xahiş edirik ki, bütün dünyanın üzləşdiyi bu çətin dövrdə “Biz Birlikdə Güclüyük” devizinə sadiq qalaraq həmrəy olmağı bacaraq. Pandemiya yalnız səhiyyə qurumlarının məsələsi deyil, ümumilikdə dövlətin təhlükəsizliyinə qarşı ciddi təhdiddir. Əminik ki, ölkəmizin güclü iqtisadiyyatı və tibb işçilərinin peşəkarlığı sayəsində bu bəladan tezliklə xilas olacağıq! Bu mübarizədə bizimlə olan bütün qərəzsiz media nümayəndələrinə sonsuz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər