2021-ci ildə dövlət siyasəti ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsinə hesablanıb. Əvvəlki illərdə torpaqlarımızın 20%-i işğal altında idisə, indi ərazilərimiz azad olunub. Gələn ilin büdcəsində prioritet həmin ərazilərin yenidən qurulması, bərpası əsas götürülüb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bu məqsədlər üçün 2,2 milyard manat büdcə vəsaiti nəzərdə tutulduğunu söyləyib.
O, ehtiyac yaranarsa, əlavə vəsaitlərin bu istiqamətə yönəldiləcəyini vurğulayıb: “Bu il başlıca məqsəd azad olunmuş ərazilərə qaçqın və məcburi köçkünlərin qaytarılmasıdır. İnfrastruktur layihələrin icrasına başlanılıb. Azad edilmiş ərazilərdə işlər sürətlə aparılır. Xarici və yerli investisiyaların cəlb olunması əsas şərtdir. Qarabağ torpaqları yeraltı və yerüstü resurslarla zəngindir. Bu ərazilərdə yeni istehsal sahələri qurulmalıdır. Ona görə də investisyaların işğaldan azad olunmuş ərazilərə cəlb edilməsi prioritetdir”.
Millət vəkili paralel olaraq ölkənin regionlarında planlaşdırılan sosial investisiya layihələrinin davam etdiriləcəyini bildirib: “2021-də əsas güc işğaldan azad olunmuş ərazilərə və ordumuzun gücləndirilməsinə istiqamətlənəcək. 3-4 ildən sonra həmin ərazilər ölkəmizin iqtisadi gücünün möhkəmlənməsində əsas yer tutacaq. Pandemiya dövlətimizi gözlənilməz xərclərlə üzləşdirir. Buna baxmayaraq, nəzərdə tutulmuş bütün proqramlar icra olunacaq. Dövlətin iqtisadi imkanları tam şəkildə bu layihələri icra etməyə yetərlidir”.
Azər Badamov ölkə başçısının Yeni il və Həmrəylik günü münasibətilə xalqa müraciətində qeyd edilən istiqamətlərə toxunduğunu deyib: “Cənab Prezidentin düşünülmüş sosial-iqtisadi siyasəti dövtətimizin daha da güclənməsini təmin edəcək. Azərbaycan bu strateji inkişaf xətti ilə dünyanın inkişaf etmiş ölkələrindən birinə çevriləcək”.