Azərbaycan mətbuatında dəyişikliklərin olması labüddür. Bu dəyişikliklər olmalıdır. Dəyişikliklər olmasa, Azərbaycan mətbuatının adekvat normal, dövlət və millətin maraqları baxımından, ümumiyətlə bir qüvvə kimi fəaliyyətinin müsbət olmasından danışa bilməyəcəyik. KİVDF-də hansısa bir dəyişikliklərin olması gözlənilir. Bu istiqamətdə danışıqlar gedir. Mətbuat informasiya və telekommunikasiya haqqında qanuna müəyyən dəyişikliklərlə bağlı təkliflər var. Dəyişikliklərin hansı istiqamətdə olacağı ilə bağlı konkret fikir yoxdur.
Bunu Teleqraf.com-a açıqlamasında “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı deyib.
Onun fikrincə, mətbuatla bağlı dəyişikliklər konkret KİVDF, Mətbuat Şurası, Jurnalistlər Birliyi bağlı deyil, ümumidir:
“Ümumiyyətlə media nüməyəndlərinin nə istədiyi əsas olmalıdır. Bununla bağlı yol xəritəsi işlənib hazırlanmalıdır. Müzakirələr təkliflər və dəqiq plan işlənib hazırlanmalıdır. Dəyişikliklər, islahatlar aparılmalıdır. Bunun istiqamətləri ilə bağlı hələlik bir söz demək düzgün deyil. Mətbuatla bağlı qanuna dəyişikliklə bağlı parlamentə də təklif göndərilməlidir. Hələlik parlamentə belə bir sənəd göndərilməyib. Bu sənəd necə hazırlanacaq bununla bağlı da konkret bir fikir yoxdur. Eyni zamanda çap mediasının yeni bir keyfiyyətdə oxucuya təqdim edilməsi də vacibdir. Oxucuya təqdim edilən çap mediasının tərkibində maraqlı bir şey olmalıdır. Çap mediası bir müəssisədir. Vaxtilə “Ayna” və “Zerkala” qəzetlərində 150 nəfər çalışırdı. İndi isə bir saytı işlətmək üçün maksimum 5 nəfərlə ciddi bir iş ortaya qoymaq olur. Çap mediasında satış şəbəkəsi, mətbəəsinin olması başlıca şərtdir. Çünki mətbuatın və qəzetin hazırkı durumu çox acınacaqlıdır. Mətbəənin boyasının rəngi, reklam və digər şərtlərin olması önəmlidir. Çevikliklə bağlı bu gün çap mediası digər media vasitələrinə uduzur. Çap mediası transformasiya olunur. Eyni zamanda çap mediasına xəbər mənbəyi kimi deyil, şərhçi kimi baxılmalıdır. Xəbər digər media vasitələrində daha tez çıxır. Nəinki çap mediasında. Xəbəri çap mediası ilə oxucuya çatdırana qədər, sosial şəbəkələr və digər vasitələr çoxdan çatdırmış olur. Bu məqamda çap mediası digər vasitələrə uduzur. Çap mediası isə xəbəri oxucuya izah etməlidir. Onu yozmaq lazımdır ki, bu necə baş verib”.
Baş redaktor publisistik yazıların elektorn vasitələrlə oxunmasının bir o qədər də effektli olmadığını qeyd edib:
“Araşdırmalar da onu göstərir ki, insanlar gündəmdəki yeniliklərə telefon vasitəsi ilə baxır. Amma telefon vasitəsi ilə hansısa bir araşdırma yazısını oxumaq çox çətin olur. Qəzetdə hansısa bir araşdırmanı, publisistik yazını oxumaq daha rahat və cəlbedicidir”.
Media təmsilçisi qəzetlərin KİVDF-dən asılılığına son qoyulmasının başlıca şərt olduğunu əlavə edib:
“Çünki qəzetləri maliyyələşdirməyə ehtiyac yoxdur. Sadəcə qəzetlərin normal işləməsinə şərait yaradılmalıdır. Qəzet satışı ilə məşğul olan şirkətlər satışın 40 faizini özünə götürür. Amma bu gün qəzet kağızının, mətbəənin xərcləri çox ağırdır. Qəzetlərə KİVDF mətbəə xərclərini, yayım şirkətlərinin ödənişlərinin bir hissəsini öz üzərinə götürə bilər. Daha sonra reklam bazarının dirçəldilməsi üçün bir sıra vacib addımlar atılmalıdır. Bundan sonra reklam bazarının dirçəldilməsi mümkün ola bilər. Azərbaycanın maliyyə imkanlarına baxmayaraq reklam bazarı çox zəif inkişaf edib. Ona görə də, hanısa bir qanunu dəyişdirməklə müsbət dinamikanın olması gözlənilən deyil. Məsələyə kompleks yanaşmaq lazımdır”.