22 Oktyabr 2014 22:09
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ilin 9 ayı ərzində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri ilə bağlı 104 fakt üzrə 23 cinayət işi başlanıb. Həmin faktların 97-si insan alveri, 5-i məcburi əmək, əlavə olaraq 2 fakt insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı olub.

Teleqraf.com-un bunu müvafiq açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polis polkovniki İmran Nəcəfov bildirib. Onun sözlərinə görə, insan alveri və məcburi əmək cinayətləri törətdiklərinə görə 21 şəxs (16 qadın, 5 kişi) cinayət məsuliyyətinə cəlb edilib və insan alveri qurbanı olaraq 50 nəfər (47 qadın, 3 kişi, onlardan 3-ü əcnəbi şəxs) müəyyən edilib. İnsan alveri ilə məşğul olan 8 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zərərsizləşdirilib. Axtarışda olmuş 23 insan alverçisindən 7-si tutularaq istintaq və məhkəmə orqanlarına təhvil verilib.

İ.Nəcəfov qeyd edib ki, müəyyən edilən insan alveri qurbanlarının 33-ü Türkiyəyə, 8-i Rusiya Federasiyasına, 6-sı BƏƏ-yə aparılaraq istismara məruz qalıb, 3 əcnəbi şəxs (2 rus, 1-i çin əsilli kişilər) ölkə daxilində məcburi əməyə cəlb olunub. Qurbanlardan 30-u (27 qadın, 3 kişi, onlardan 3-ü əcnəbi şəxs) müvəqqəti yaşamaq üçün sığınacağa yerləşdirilib, onların müdafiəsi və zəruri yardımlarla təmini üzrə bütün tədbirlər yerinə yetirilib, hər birinə tibbi, psixoloji, hüquqi, maddi yardımlar göstərilib, zəruri geyimlə təchiz edilib.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, insan alverindən zərər çəkmiş qurbanın hər birinə reinteqrasiya dövründə 400 manat məbləğində birdəfəlik müavinət ödənilib. İdarənin rəis müavini bildirib ki, Azərbaycanda, ümumiyyətlə, son 10 il ərzində digər hüquq-mühafizə orqanları ilə sıx əlaqədə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə 580 insan alveri və məcburi əmək faktı aşkarlanıb.

Hüquq-mühafizə orqanları tərəfindən 385 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 5 mütəşəkkil dəstə, 152 cinayətkar qrup zərərsizləşdirilib.

O, həmçinin əlavə edib ki, bu günədək insan alveri ilə mübarizə sahəsində respublikanın rayon və şəhərlərində 274 tədbir keçirilib. QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən insan alverinə qarşı mübarizə sahəsində 33 layihə maliyyələşdirilib və bu məqsədlə 230 min manatdan çox vəsait ayrılıb: "İnsan alveri problemi hazırda bütün dünya üçün aktual problem olaraq qalır və Azərbaycan da regionda qabaqcıl yer tutan ölkə kimi bu sahədə fəal mübarizə aparır. Azərbaycan bu sahədə müvafiq beynəlxalq konvensiyaya qoşulub. 2004-cü ildə birinci Milli Fəaliyyət Planı qəbul edilib. Hazırda 3-cü Milli Fəaliyyət Planı həyata keçirilir. Son Milli Fəaliyyət Planı 2014-2018-ci illəri əhatə edir".


Müəllif:

Oxşar xəbərlər