Ölkə başçısının 2013-cü il 10 dekabr tarixli 150 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” nın icrası məqsədilə Sumqayıt şəhər Səhiyyə şöbəsinin təşəbbüsü ilə Təhsil şöbəsi ilə birlikdə müvafiq tibb müəssisələrinin baş həkimləri və təhsil müəssisələrinin direktorlarının iştirakı ilə bu işin təşkili məsələsi geniş müzakirə olunub.
Bu barədə Teleqraf.com-a Səhiyyə Naziriliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata bildirilir ki, yerli “Dünya” televiziya kanalında uşaqların icbari dispanserizasiyadan keçirilmələrinin onların sağlamlığının mühafizəsi sahəsində böyük əhəmiyyəti olması barədə valideynləri məlumatlandırmaq üçün həkim-mütəxəssislərin iştirakı ilə canlı yayım təşkil edilib, onların coxsaylı sualları cavablandırılıb.
Müvafiq hazırlıq işləri aparıldıqdan sonra uşaq poliklinikalarında həkim-mütəxəssislərdən ibarət təşkil edilmiş briqadalar tərəfindən təhsil müəssisələrində uşaqların dispanserizasiyadan keçirilməsinə başlanıb.
Hazırki dövrə qədər məktəblilərin 88,2 faizi dispanserizasiyadan keçirilib. Təxminən 30 faizə qədər uşaqlarda aşkar edilmiş xroniki xəstəliklər və müxtəlif patoloji vəziyyətlərə görə onlar uşaq poliklinikalarında əlavə müayinəyə cəlb edilib, tələb olunan hallarda stasionara göndərilib və bu uşaqların müalicəsinə başlanılıb.
Təhsil müəssisələrindəki uşaqlarla yanaşı uşaq bağçalarına gedən və evdəki qeyri-mütəşəkkil uşaqların icbari dispanserizasiyasının da paralel olaraq aparılması davam edir.
Naibə QURBANOVA