22 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Hökuməti ilə Qətər Dövlətinin Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyası çərçivəsində yaradılmış “Sərmayə üzrə Birgə İşçi Qrupu”nun növbəti iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, onlayn formatda keçirilmiş iclasda Qətər Xarici İşlər Nazirliyi Asiya idarəsinin səlahiyyətli nümayəndəsi Abdullah bin Seyf Əl-Xəyarinin başçılıq etdiyi ekspertlər heyəti, Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov, Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab, Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi Ərgüc Kələntərli və işçi qrupunun iclasına dəvət olunan dövlət qurumlarının və təşkilatların nümayəndələri iştirak ediblər.
İclas iştirakçılarını səmimi salamlayan Qətər XİN-in Asiya idarəsinin səlahiyyətli nümayəndəsi Abdullah bin Seyf Əl-Xəyarin tədbiri açaraq İşçi Qrup tərəfindən görülən işlərin icra vəziyyəti, iqtisadi, ticari və texniki sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti barədə məlumat verib və bu əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb.
Tədbiri Azərbaycan tərəfindən FHN Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli açaraq iştirakçıları Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan tərəfindən həmsədri general-polkovnik Kəmaləddin Heydərovun adından salamlayıb. Azərbaycan ilə Qətər arasında yüksək səviyyəli siyasi və iqtisadi münasibətlərin əhəmiyyətindən danışan İdarə rəisi hər iki ölkənin qlobal əhəmiyyətli məsələlərin həllində daim bir-birlərini dəstəklədiyini və beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. Hər iki dövlətin başçılarının müdrik xarici siyasəti nəticəsində iki ölkə arasında etibarlı siyasi əlaqələr qurulduğunu vurğulayan natiq bildirib ki, Komissiyanın fəaliyyət dövrü ərzində ölkələrarası ticarət əlaqələri genişlənib, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Qeyd edilib ki, iki ölkə arasında ticarət-iqtisadi əlaqələrinin daha da sürətli və dinamik inkışafı, eyni zamanda qarşılıqlı biznes mühitinin daha da genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, sərmayələrin yatırılması imkanlarının öyrənilməsi və qarşılıqlı sərmayələrin cəlb edilməsi mexanizmlərinin araşdırılması məsələləri yaradılmış Birgə İşçi Qrupun fəaliyyətində önəmli yer tutur. Birgə səylərin mövcud əməkdaşlığın dinamik inkişafı üçün imkanlar yaratmağa davam edəcəyinə əmin olduğunu bildirən Ə. Kələntərli Komissiya çərçivəsində 2020-ci il üzrə görülmüş işlər barədə ətraflı məlumat verib.
Bununla yanaşı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin zəngin təbii sərvətlərini, turizm potensialını, eyni zamanda sərmayələrin yatırılması üçün geniş imkanların mövcudluğuna diqqət çəkən İdarə rəisi Qətər tərəfini həmin ərazilərdə yeni iqtisadi layihələrin həyata keçirilməsinə dəvət edib.
Görüş zamanı, Azərbaycan nümayəndə heyəti tərəfindən təklif olunan layihələr üzrə təqdimatlar göstərilib, həmçinin hər iki ölkənin müvafiq qurum nümayəndələri arasında gələcək əməkdaşlığın prioritetlərinə dair ikitərəfli fikir mübadiləsi aparılıb və Komissiyanın növbəti iclasının təşkilinə dair məsələlər müzakirə edilib.
İclasın sonunda tədbir iştirakçıları İşçi qrupunun gündəliyində olan digər məsələlərlə bağlı müzakirələr aparıblar.