8 Mart 2021 10:56
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Çap və Nəşr İşləri Birliyi (TBYM) bu il altıncı dəfə keçirilən “İstanbul Publishing Fellowship 2021”in diqqətində olan ölkə kimi Azərbaycanı seçib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Azərbaycan nəşrləri təqdim olunacaq.

Tədbirdə iştirakı nəzərdə tutulan Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, yazıçı Anar Rzayev “Anadolu” agentliyinə açıqlamasında Azərbaycan və türk ədəbiyyatı haqqında danışıb.

Anar Azərbaycan ədəbiyyatının əhatəli olduğunu, bunun Azərbaycan və Türkiyənin ortaq abidəsi olan “Dədə Qorqud” dastanı ilə başladığını bildirib.

O, əsrlər boyu Azərbaycan ədəbiyyatında Şah İsmayıl, Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və Hüseyn Cavid kimi bir çox ustad qələm adamlarının meydana çıxdığına diqqət çəkib: “İstərdim ki, Azərbaycan ədəbiyyatı Türkiyədə daha çox tanınsın, daha çox bilinsin”.

Anar Azərbaycan ədəbiyyatına daxil olan əsərlərin başqa dillərə daha çox tərcümə edilməli olduğunu vurğulayıb: “Hər ədəbiyyatın özünəməxsus yeri var. İstəyirəm ki, bütün dünyada Azərbaycan ədəbiyyatı ilə tanış olsunlar. Qərb ədəbiyyatı daha çox tanınır. Bu dillərdən istifadə edən insanlar daha çoxdur.

Məsələn, bütün Latın Amerikasında ispan dilində danışılır. İspan dilində yazan yazıçılar dünyada daha çox məşhurdurlar. İngilis və fransız dillərində yazanlar da dünyada məşhurdurlar. Bu baxımdan, təəssüf ki, Azərbaycan ədəbiyyatı dünya tərəfindən tanınan ədəbiyyat deyil. Lakin yazarlarımızın əsərləri şərq və rus dillərinə tərcümə edilib".

Anar bir çox əsərinin türk dilinə tərcümə olunduğunu bildirib: “Həm dramaturgiya əsərləri, həm məqalələr, həm də oçerklər yazdım. Bütün çap olunmuş əsərlərim türk dilinə tərcümə olunub. 15-dən çox kitabım Türkiyədə nəşr edilib. İstəyərdim ki, xatirələrim və məqalələrim də Türkiyədə nəşr olunsun, başqa yazarların əsərləri də Türkiyədə yayımlansın”.

Anar İlyas Əfəndiyevin “Geriyə baxma, qoca”, İsa Hüseynovun “Tütək səsi” və “Saz”, Sabir Əhmədlinin “Yamacda nişanə” və İsi Məlikzadənin “Quyu” əsərlərinin türk dilinə tərcümə olunmasını istədiyini bildirib: “Vəfat edən böyük şairlərimiz Mikayıl Müşfiq və Əli Kərimin şeirlərinin də Türkiyədə çap olunsa, yaxşı olardı. Ələkbər Salahzadə, İsa İsmayılzadə və Nüsrət Kəsəmənli də çox istedadlı müəlliflərimizdir”.

O, Azərbaycan Yazıçılar Birliyinin bir tərcümə mərkəzinin olduğunu söyləyib:

“Bu mərkəzdə başqa dillərdən tərcümələr edirik. Lakin bizim dilimiz də bu dillərə tərcümə edilməlidir, tərcümələrin keyfiyyətli olması üçün bu dilləri bilən müəlliflər lazımdır. Biz onlarla təmas qurmalıyıq, amma bu, həmişə asan olmur. Türkiyə ilə belə əlaqəmiz var, Rusiya ilə də təmasdayıq. Ancaq ədəbiyyatımızı ictimaiyyətə çatdırmaq üçün Qərb ölkələri ilə də bu cür təmaslara ehtiyacımız var”.

Anar davamlı irəliyə baxmağın lazım olduğunu deyib:

“Kamilliyin həddi yoxdur. Yaxşı fəaliyyət göstərəndə daha yaxşı işlər ortaya çıxır. Təxminən 40 il əvvəl Türkiyəyə ilk dəfə gələndə çox kədərlənmişdim. Türkiyədə onuncu dərəcəli amerikalı müəlliflərin kitabları nəşr olunsa da, bir nəfər azərbaycanlı yazarın əsəri çap edilməmişdi. 40 il içində çox şey dəyişdi. Türkiyədə çox kitab nəşr olundu. Əlbəttə, istəyirik ki, türk ədəbiyyatı da Azərbaycanda daha çox nəşr olunsun. Eyni zamanda, Azərbaycan ədəbiyyatı Türkiyədə daha geniş kontekstdə oxuculara təqdim edilsin”.

Dövlətlərin münasibətlərindəki ədəbiyyatın roluna toxunan Anar bildirib:

“Ədəbiyyat xalqların bir-birini tanıması üçün ən yaxşı körpüdür. Musiqi, teatr, rəsm, elm və siyasət də burada rol oynayır. Ancaq ən asan yol ədəbiyyatdır. Çünki ədəbiyyat insanları tanıtdırır. Bir xalqa başqa bir xalqın insanlarını tanıtdırır. Düşünürəm ki, ədəbiyyat mədəni həyatda birinci yerdədir. Hər zaman söylədiyim bir söz var, bunu bir daha təkrarlamaq istərdim. Dövlətlər və siyasətçilər ölkələr arasında sərhədlər qururlar, yazıçılar və sənət adamları bu sərhədləri aradan götürürlər, insanları bir-birinə yaxınlaşdırırlar. İlk körpü salanlar ədəbiyyatı yaradanlardır”.

AYB sədri Türkiyə ədəbiyyatından bəyəndiyi müəlliflərin adlarını da çəkib:

“Türk ədəbiyyatı Yunus Əmrə ilə başlayıb, Qaracaoğlan, Pir Sultan Abdal, Aşıq Veysələ qədər uzanan böyük bir ədəbiyyatdır. Əlbəttə, Nazim Hikməti də çox sevirəm, şəxsən tanıyırdım. Əziz Nesin, Ataol Bəhramoğlu, Yavuz Bülənd Bakilər Azərbaycanın dostlarıdır. Məsələn, Nəcib Fazil Kısakürək də böyük şairdir. Onun “Otel otaqları” adlı şeiri var, ondan ilham alaraq “Otel otağı” adlı əsər yazmışam. Həmin hekayənin əvvəlindəki epiqrafım Nəcib Fazil Kısakürəkin sözləridir. Böyük şairlərdən biri də Fazil Hüsnü Dağçlardır. Çox sevdiyim başqa bir şair Orxan Vəlidir. Başqa sözlə, türk ədəbiyyatından çox adamı həvəslə oxudum”.

Anar həmişə Azərbaycana dəstək verən Türkiyəyə təşəkkür edib:

“Tariximizdə çox vacib hadisə baş verdi. Biz 44 gündə 30 illik həsrətə son qoyduq. İşğal olunmuş torpaqlarımızı Ali Baş Komandanın (İlham Əliyev) rəhbərliyi ilə azad etdik. Türkiyəni hər zaman yanımızda gördük. Türkiyə bizə ruh verdi. Mən Azərbaycan yazıçıları, ziyalıları adından Türkiyə hökumətinə, onun prezidentinə (Rəcəb Tayyib Ərdoğan) dərin təşəkkürlərimi bildirirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər