Heç kəs qapanmanın tərəfdarı deyil. Faktiki olaraq bir ildir ki, insanlar karantin rejimində yaşayır. Bütün dünyada analoji vəziyyətdir. Bunun yaratdığı məhrumiyyətlər insanlara bəllidir. Qapanmalar psixoloji, sosial-iqtisadi, mənəvi gərginliklər yaradıb. Amma yoluxma statistikası günbəgün artırsa, ölüm halları, ağırlaşamalar çoxalırsa, qapanma zərurəti də mümkün ola bilər.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev bildirib.
Komitə sədrinə görə, hazırda dünyanın heç bir yerində kimsə zəmanət verə bilməz ki, yoluxma ilə bağlı yaxın həftələrdə və aylarda hansı dəyişikliklər ola bilər: “Azərbaycanda da heç kim karantinin, qapanmaların tərəfdarı deyil. Amma zərurət yaranarsa, buna getmək də lazımdır. Psixoloji cəhətdən insanlar hər iki varianta hazır olmalıdır. Eyni zamanda yaz fəslinin özünün yaratdığı zəruri işlər var, təsərrüfat və digər məsələlərin icrası vacibdir. Çünki bunların edilməsi ölkənin iqtisadi əsasları üçün şərtdir. Sözsüz ki, yaz, tarla, əkin işləri olmasa, növbəti mərhələ üçün məhsul qıtlığı yaşana bilər”.
Millət vəkili qarşıdan Novruz bayramının gəlməsi ilə əlaqədar insanlar arasında daha sıx təmasların olacağına da diqqət çəkib: “Bayramla bağlı bir sıra ənənələr icra olunur. İnsanların bir yerə toplaşması halları ola bilər. Bu isə yoluxma sayına, ağırlaşmalara səbəb olacaq. Əgər qapanma olacaqsa, çox istərdik ki, bu, çox qısa müddətli olsun. Çünki uzun müddətli qapanmalar sosial-iqtisadi gərginliklər yaradacaq”.
Musa Quliyev vaksinasiya prosesinin davamlı və sürətli aparılmasının da vacibliyini vurğulayıb: “İnsanların bir çoxu vaksinasiya məsələsinə şüurlu yanaşır. Vaksinlə bağlı tərəddüddə olanlar və yaxud imtina edənlər var. Amma bunlar doğru yanaşma, dəyərləndirmə deyil. Kütləvi immunitetləşmənin yaranması üçün vaksinasiyaya hər birimiz müsbət yanaşmalıyıq. Bu proses çox sürətlə həyata keçirilməlidir. Nə qədər vaksinasiya gözardı ediləcəksə, bu təhlükə də qalacaq. Qapanma rejimi, nəzarət, maarifləndirmə və vaksinasiya koronavirusun qarşısının alınmasında çox mühüm tədbirlərdəndir”.