Martın 15-də Milli Xalça Muzeyində Azərbaycan Mədəniyyət Nazirliyi və “British Council”ın (Britaniya Şurası) birgə təşkilatçılığı ilə 23-26 fevral tarixində keçirilmiş “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn treninqin iştirakçılarına sertifikatların və “Şekspir xalçalarda” adlı müsabiqənin qaliblərinin eskizləri əsasında toxunan xalçaların təqdimat mərasimi baş tutub.
Teleqraf.com xəbər verir ki, qonaqları salamlayan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, müasir dövrdə hər bir muzey üçün ən önəmli məsələlərdən biri milli irs nümunələri kolleksiyaları haqqında məlumatların hamı üçün əlçatan olması, inklüziv mühitin yaradılmasıdır: “Xalça Muzeyi inklüzivliyi diqqət mərkəzində saxlayır. Bakıda və regionlarda fəaliyyət göstərən muzey və qoruqların əməkdaşlarının iştirakı ilə keçirilən “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn treninq bu mənada əhəmiyyətli layihədir”.
Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Azərbaycan və Böyük Britaniyanın uzun illərdir bir çox sahələrdə əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Böyük Britaniyanın xarici ölkələrlə elmi-mədəni əlaqələrini təşkil edən əsas təşkilat olan “British Council”ın Azərbaycanda da aktiv fəaliyyət göstərdiyini söyləyən nazir Mədəniyyət Nazirliyi və bu qurumun bir çox layihələrdə birgə əməkdaşlıq etdiyini, “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda treninqin də bu əməkdaşlığın daha bir göstəricisi olduğunu vurğulayıb.
Anar Kərimov bildirib ki, Azərbaycan müasir dövlət və rifahlı cəmiyyət quruculuğu yolunda mühüm tarixi nailiyyətlər əldə edib, sosial dövlət statusunu daim gücləndirib, hər bir vətəndaşının, o cümlədən əlilliyi olan vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılmasını təmin etmək məqsədilə davamlı iş aparılır: “Ölkəmizdə təhsil və mədəniyyət sahəsi inklüzivlik üzrə ilk sıralarda qərarlaşıb. Mədəni sənayelərə fiziki qüsurlu insanların cəlb olunması qarşıda duran prioritet məsələlərdəndir. Bu məsələlərdə biz gələcəkdə də “British Council”ın təcrübəsindən faydalanacağıq. Azərbaycan muzeylərində dünya praktikasına əsaslanaraq fiziki məhdudiyyətli insanların rahat və maneəsiz hərəkəti, eksponatlar haqqında məlumatları əldə edə bilmələri üçün bir çox inklüziv layihələr müvəffəqiyyətlə həyata keçirilib”.
Layihəyə dəstək olan təşkilatlara minnətdarlığını bildirən nazir “British Council”, Milli Xalça Muzeyi və Azərbaycan Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə 2016-cı ildə Vilyam Şekspirin anadan olmasının 450 illiyinə həsr edilmiş “Şekspir xalçalarda” adlı müsabiqənin qaliblərinin eskizləri əsasında toxunan xalçaların Xalça Muzeyinə hədiyyə edilməsini iki ölkə arasında mədəni əməkdaşlığın daha da inkişafına töhfə verən hadisə kimi dəyərləndirib.
Böyük Britaniyanın Bakıdakı səfiri Ceyms Şarp çıxışı zamanı bildirdi ki, mədəniyyətin qorunub saxlanılması və təbliğində əməkdaşlıq önəm kəsb edir. O, ötən ay Azərbaycanda səfərdə olan ölkəsinin Avropa qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Mortonun İçərişəhəri və Heydər Əliyev Mərkəzini ziyarət etdiyini diqqətə çatdırıb. Bildirib ki, səfirlik mütəmadi olaraq “British Council” vasitəsilə Azərbaycandakı mədəni layihələrə dəstək olur.
“British Council”ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şah çıxışında təşkilatın əsas missiyasının insanları bir araya gətirərək mədəniyyətləri yaxınlaşdırmaqdan ibarət olduğunu bildirib. Deyib ki, əlliliyi olan şəxslərə diqqət göstərilməsi, mədəni irsin təbliği də bu fəaliyyətin əsas istiqamətlərindən biridir.
Çıxışlardan sonra “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn treninqin məhdud sayda iştirakçılarına sertifikatlar təqdim edilib.
Daha sonra “Şekspir xalçalarda” müsabiqəsi qaliblərinin eskizləri əsasında toxunan üç xalça Samr Şah tərəfindən Milli Xalça Muzeyinə təqdim olunub.
Tədbir iştirakçıları Mədəniyyət Nazirliyi tərəfindən 2020-ci ildə İtaliyanın Sartirano yarmarkasından alınaraq Milli Xalça Muzeyinə hədiyyə edilən və ekspozisiyada nümayiş olunan xalçalara baxış keçiriblər.
Sonda qonaqlar Xalq rəssamı Arif Hüseynovun “Novruz naxışları” adlı sərgisi ilə tanış olublar.