Ötən ilin mart ayından infeksiyanın yayılması təmasların sayından asılı olub. Ötən günkü yoluxma faktı da təmasların sayının artması nəticəsində qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri ölkənin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, pandemiyanın bitməsi hava şəraiti və fəsillərlə əlaqəli deyil: "Pandemiyanın nə zaman bitməsi haqqında söz demək çətindir.
Hazırda vaksinləmə aparılır. Əgər biz pandemiyanın əvvəlki dövrlərinə nəzər yetirsək, epidemiyanın yayılmasını əngəlləyən faktorlar yox idi. Lakin bu gün əhali maariflənib, yarı doğru, yarı səhv olsa da, qoruyucu vasitələrdən istifadə edirlər.
Əhalidə immunitet formalaşıb, ikinci dəfə yoluxma şansı çox aşağıdır. Yarım milyona yaxın insan peyvənd olunub. Hesab edirəm ki, bunlar epidemik prosesin yayılmasının qarşısını alacaq. Əsas məsələ özümüzü qorumaqdır".