28 Oktyabr 2014 12:35
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Norveç Krallığının ölkəmizdəki səfiri Bard İvar Svendson və “Statoil-Azərbaycan” şirkətinin prezidenti Tangi Kosmao ilə görüşüb.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin Teleqraf.com-a verdiyi məlumata görə, qonaqları salamlayan AMEA rəhbəri bildirib ki, Azərbaycan elmi sovet dövründə müəyyən sərhədlər çərçivəsində mövcud idisə, müstəqillik bərpa olunduqdan sonra Avropa və Amerika qitələrində də tanınmağa başladı: “Bu, Norveçlə elmi əlaqələrin inkişafına da şərait yaradıb. Əlaqələrin inkişafında Akademiyanın Geologiya və Geofizika İnstitutu ilə “Statoil-Azərbaycan” şirkəti arasında əməkdaşlıq xüsusi rol oynayır. Neft geologiyasının tədqiqinə yönəlmiş bu əməkdaşlıq çərçivəsində mühüm tədqiqatlar aparılıb və səmərəli nəticələr əldə edilib. Hazırda əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb edir”.

H.Lundu “Statoil-Azərbaycan” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyətində, xüsusən də Abşeronun şimalındakı tədqiqatlarda GGİ-nin böyük rol oynadığını vurğulayıb. “Azəri-Çıraq-Günəşli”dən sonra yeni neft yataqlarının tapılmasının vacibliyini qeyd edən qonaq rəhbəri olduğu şirkətin son vaxtlar diqqəti bu istiqamətə yönəltdiyini söyləyib. Əlavə olaraq bildirib ki, “Statoil-Azərbaycan” Azərbaycanın bir sıra ali təhsil ocaqları ilə də əməkdaşlıq edir. H.Lundu gələcəkdə elm və texnologiya sahəsində birgə innovativ tədqiqatların inkişafı üçün təkliflər formalaşdırmağı məqsədəuyğun hesab edib.

Azərbaycana yeni təyin olunmuş səfir B.Svendson iki ölkə arasında mövcud elmi əlaqələrdən danışıb. O deyib ki, səfirlik fəaliyyətini elmi istiqamətlərdə də davam etdirmək niyyətindədir: “Bu məqsədlə əlaqələrin genişləndirilməsi və hər iki ölkənin alimlərini bir araya gətirmək vacibdir”. Səfir “Statoil-Azərbaycan”in Azərbaycandakı fəaliyyətindən, yerli şirkətlərlə əməkdaşlığından məmnunluğunu ifadə edib.

Görüşdə qonaqlara Azərbaycan elminin dünyaya inteqrasiyasından və AMEA-da magistratura təhsilinin təşkilindən də bəhs olunub. Qeyd edilib ki, AMEA gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqini genişləndirməkdədir. Azərbaycanlı gənc alim və mütəxəssislərin Norveçdə doktorantura və ixtisasartırma təhsili alması barədə təklif irəli sürülüb və səmimiyyətlə qəbul olunub.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev GGİ-nin qərb ölkələrinə məxsus neft şirkətləri ilə geniş əməkdaşlıq etdiyini və “Statoil-Azərbaycan”ın bu sırada ilk yerlərdə olduğunu vurğulayıb.

Sonda A.Əlizadə norveçli nümayəndələri ölkəmizdə ilk dəfə 10-11 noyabr tarixlərində keçiriləcək “Bakı Elm Festivalı-2014”-ə dəvət edib. Qonaqlar da öz növbəsində AMEA rəhbərliyini əməkdaşlıq çərçivəsində Norveçdə görmək istəklərini ifadə ediblər.

NİGAR


Müəllif:

Oxşar xəbərlər