Aprelin 1-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın (İTS) Xidmətlər Zərfinə daxil olan 2550 adda tibbi xidmətdən istifadə edəcəklər. Bu məqsədlə sözügedən ərazilərdə icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində hazırlıq işləri davam etdirilir.
Bu məqsədlə vətəndaşlardan təxminən əməkhaqqının 2 faizi həcmində tibbi xərc yığılacaq.
Rəsmi iş yeri olmayanların (işsiz vətəndaşların sığortalanması) icbari tibbi sığortası agentlik hesabına həyata keçiriləcək.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Teleqraf.com-a bildirib ki, icbari tibbi sığorta sosial müdafiənin, eləcə də Qərb standartlarının mühüm bir hissəsidir: “Dövlət, sığorta, özəl və municipal tibb xidməti bütün dünyada bu cür fəaliyyət göstərir və onların arasındakı münasibət qanunla tənzimlənir.
Ayrı-ayrı kateqoriyalı şəxslər də İTS-dan yararlanacaq. Yəni pulsuz şəxslər dövlət büdcəsi hesabına, maaş alanlar da öz əməkhaqları hesabına, biznesmen və məmurlar da xüsusi qaydada sığortalanır. Əhali qrupu sığorta polisi deyilən vəsiqə ilə təmin olunur və sığorta paketinə daxil olan xidmətlərin göstərilməsi ilə proses yekunlaşır. Sığorta paketinə ayrılan vəsaitə uyğun 1 il əvvəlki sığorta hadisələrini, yəni konkret xəstələnmə və əməliyyatların, müalicə xidmətlərinin statistikasını əsas götürüb xərcləri ümumi bilmək olar. Bununla da İTS üçün ayrılan vəsaitin nə qədər tibbi xidməti əhatə etdiyini müəyyənləşdirmək mümkündür.
Hesab edirəm ki, Xidmətlər Zərfinə ilk növbədə doğuş və təxirəsalınmaz yardımlar daxil edilməlidir. Yəni kəskin cərrahi xəstəliklər, travmalar, qanaxmalar, ürəyin kəskin işemik xəstəlikləri, beyinə qansızma və sair təcili müdaxilə tələb edən xəstəliklər buraya mütləq əlavə olunmalıdır”.
Professor qeyd edib ki, insanlar İTS-dən yararlanmaq üçün növbəyə yazılmalıdır: “Əvvəlcədən təyin olunan vaxtda insanlar xəstəxanada olmalıdırlar. Digər tərəfdən, İTS üçün müraciət edən şəxslər sığorta paketi çərçivəsində tam pulsuz diqnostika, müalicə almalıdırlar. Yəni burada heç bir ayrı-seçkilik ola bilməz. Sadəcə bu iş düzgün təşkil olunmalıdır.
Təəssüflər olsun ki, bəzi məsələlərdə müəyyən yanlışlıqlar var. Məsələn, deyirlər ki, İTS üçün ayrılan həkimin hansı daha çox xəstəyə baxsa, daha çox maaş alacaq. Bu, tam yanlış yanaşmadır. İTS fiksə olunmuş maaşlarla başlamalıdır ki, həkimlər arasında ayrı-seçkilik olmasın, peşəkarlıq yüksəlsin, xidmət mədəniyyəti artsın, neqativ halların qarşısı alınsın. Hər halda bu, ölkəmizdə ilk təcrübədir və burada yanlışlıqlar olacaq. Amma yanlışlıqlar aşkarlandıqca düzəltmək lazımdır.
Həkimlərə konkret maaş təyin olunmalıdır. Kateqoriyadan asılı olaraq 2-3 min manat arası bir rəqəm... Qəbul şöbəsində müxtəlif neqativ yollarla xəstəni yönəldirlər ayrı-ayrı adamlara. Müəyyən həkimlər də verilişlərə çıxıb özlərini reklam edəcəklər. Belə biabırçılıqlar baş alıb gedək. Bu da olacaq Azərbaycansayağı icbari tibbi sığorta. Biz dünyanın getdiyi yolla getməliyik. Çünki bu yolu dünya keçib, Amerika kəşf etməyə ehtiyac yoxdur”.
Adil Qeybullanın sözlərinə görə, İTS paketində vətəndaşın kimliyinin fərqi yoxdur: “Könüllü tibbi sığortada bunun fərqi var, bu mərhələyə isə biz hələ çatmamışıq. Sistemdə işləməyən və həssas qruplara aid vətəndaşlar üçün güzəştlər nəzərdə tutulub. Vətəndaşların bu kateqoriyaları üçün sığorta haqları dövlət tərəfindən ödəniləcək. Bu məqsədlə dövlət büdcəsindən ilkin mərhələdə 1 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Yəni, ayağımızı yorğanımız görə uzatmalıyıq.
Uzun müddətdir İTS-nın ölkə boyu tətbiqinə qərar verilsə də, hələ də bu istiqamətdə irəliləyiş yoxdur. Hesab edirəm ki, bu təcrübəyə artıq başlamaq lazımdır. Pilot layihəyə heç bir ehtiyac yox idi. Bu bir eksperiment deyil ki… Dünyanın, eləcə də qardaş Türkiyənin təcrübəsi ortadadır. Bu prosesə respublika üzrə start vermək və zaman-zaman qarşıya çıxan səhvləri yolunaq qoymaq lazım idi”.