Martın 31-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunmuş kollegiya iclası keçirilib.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
İclasdan öncə 1918-ci ilin mart - aprel aylarında Bakıda və Azərbaycanın müxtəlif bölgələrində erməni daşnakları tərəfindən törədilmiş soyqırımı aktı zamanı 50 mindən çox azərbaycanlının amansızcasına qətlə yetirilməsi, minlərlə insanın öz doğma torpaqlarından didərgin salınması, onlarla şəhər və kəndlərin yandırılması, milli-mədəni abidələrin dağıdılaraq məhv edilməsi qeyd edilməklə miqyası və qəddarlığına görə bəşəriyyətə, insanlığa qarşı törədilən dəhşətli faciənin qurbanları ehtiramla anılmış və onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diqqətə çatdırılıb ki, məhz ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 80 il sonra erməni millətçilərinin hərəkətlərinə ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət verilməklə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Kollegiya iclasında həmçinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun ötən ilin sentyabr ayından başlayaraq işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda apardığı haqq mübarizəsində əldə etdiyi möhtəşəm qələbənin uzun illər ərzində davam edən münaqişəyə son qoyaraq ölkəmizin regional liderliyini birmənalı təsbit etməklə yeni geosiyasi reallıqlar yaratdığı vurğulanıb.
Qeyd edilmişdir ki, Vətən müharibəsinin Azərbaycanın tarixi qələbəsilə başa çatmasından qısa müddət keçməsinə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə başlanmış möhtəşəm quruculuq işləri, həmin bölgələrin yenidən həyata qaytarılması ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarının daha da möhkəmləndirilməsinə xidmət etməklə regionda sabitliyin və təhlükəsizliyin inkişafına şərait yaradacaqdır.
Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, döyüşlər zamanı yaralanan qazilər, eləcə də müharibə iştirakçılarının Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət və qayğısı ilə əhatə olunduqları bildirilib.
İclasda həmçinin, vətəndaşlarımızın sağlamlığının qorunması məqsədilə yeni növ koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində yaratdığı təhlükələrin qarşısının alınması ilə bağlı prokurorluq orqanları tərəfindən həyata keçirilən cinayət təqibi və digər tədbirlər müzakirə edilməklə müvafiq göstərişlər verilib.
Kollegiya iclasında prokurorluq orqanlarına işə qəbulla bağlı keçirilmiş müsabiqənin ilkin nəticələri və bununla əlaqədar qarşıda duran vəzifələrə, müvafiq qanunvericilik aktlarının, həmçinin “İşin Təşkili Qaydaları”nın təkmilləşdirilməsinə dair Kadrlar idarəsinin rəisi Natiq Hüseynov, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova, Təşkilat və icraya nəzarət idarəsinin rəisi Elşən Abbasov məruzələrlə çıxış ediblər.
Aparılmış ilkin müzakirələr ətrafında Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev, Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev və digər Kollegiya üzvləri çıxış edərək təkliflərini bildiriblər.
Kollegiya iclasında qeyd edilənlərlə yanaşı gündəlikdə duran digər məsələlər üzrə də faydalı müzakirələr aparılmaqla müvafiq qərarlar qəbul edilib.
İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxşaxəli islahatların reallaşdırılmasında, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və insan hüquq və azadlıqlarının qorunmasında, o cümlədən qanunsuz erməni birləşmələri tərəfindən törədilmiş terrorçuluq, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə, həmçinin iqtisadi və ekoloji cinayətlər üzrə bütün təqsirli şəxslərin beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsi üçün prokurorluq orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.