“Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev Xəzər rayonu, Binə qəsəbəsi yeni yaşayış massivində bir nəfərin İstehsalat Birliyinin adından istifadə etməsi, guya sonradan ödənişli (elektron-mexaniki) sayğacları müəyyən vəsait qarşılığında əvvəlcədən ödənişli (smart-kart) sayğaclarla dəyişməsi barədə yayılan məlumata münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Ruslan Əliyev feysbukdakı səhifəsində İstehsalat Birliyinin belə bir işçisinin olmadığını bildirib.
“Bizə təqdim olunan fotonu araşdırdıq. Belə bir işçimizin olmadığı üzə çıxdı.
Biz bir daha vətəndaşlara müraciət edirik. Diqqətli olun! Dələduzlara aldanmayın. Heç vaxt bizim qurumun əməkdaşlarına pul verməyin. Çünki "Azəriqaz" İB-nin əməkdaşları ödənişli xidmət göstərmir.
Hüquq-mühafizə orqanlarından da xahiş edirik ki, bu kimi hallarla mübarizədə Birliyə yardımçı olsunlar. Vətəndaşlar isə belə vəziyyətdə dərhal polisə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qaynar xəttinə müraciət etsinlər”, - deyə Ruslan Əliyev qeyd edib.