"Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin yenidən işlənmiş 7-ci nəşrinə əvvəlki nəşrdə olmayan 5 mindən çox söz daxil edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu orfoqrafiya lüğətinin "Ön söz" bölməsində qeyd edib.
O bildirib ki, orfoqrafiya lüğətinin son nəşrində bəzi əsl Azərbaycan sözləri (məsələn: qavram, ora, uca və.s) diqqətsizlikdən yer almamışdı:
“Bütün bunların hesabına yeni orfoqrafiya lüğətinə əvvəlki nəşrdə olmayan 5 mindən çox söz daxil edilib. Bu qəbildən olan sözlərin bir hissəsi dilimizin daxili imkanları hesabına son zamanlarda yaranmış neologizimlərdən ibarətdir. Məsələn: buraç, paylaşım, tanıtım, uzadıcı və s. Lüğətdə müasir dövrdə güclü inkişafda olan elm və texnikanın müxtəlif sahələrində, eləcə də mətbuat, radio, televiziya, kino dilində və bu sahələrin sıx bağlı olduğu informatika, informasiya texnologiyaları, müasir kommunikativistika sistemində işlənən sözlərlə yanaşı logistika, idman, kulinariya və turizm terminləri də verilib”.