20 Aprel 2021 19:38
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli redaksiyamıza müraciət edərək bələdiyyə üzvlərinə vəsiqələrin təqdim olunmamasından şikayətlənib. O deyib ki, sonuncu bələdiyyə seçkiləri 2019-cu ilin dekabrın 23-də baş tutub. Yeni tərkibdə bələdiyyələrin ilk iclası isə 2020-ci ilin yanvarın 15-dən başlayaraq keçirilib.

Vüqar Tofiqli qeyd edib ki, artıq bələdiyyənin ilk iclasından təxminən 435 gün keçib, amma bu günədək bələdiyyə üzvlərinin vəsiqələri təqdim edilməyib:

“Ən maraqlısı isə odur ki, bunun üçün hər hansı səbəb göstərilməyib. Bəlkə də bu məsələ ilk baxışda ciddi görünmür, amma əslində çox ciddi məsələ hesab edilməlidir. Ola bilsin ki, vəsiqənin verilməməsinin əsas səbəb kimi pandemiya ilə əlaqələndirilsin. Ancaq bu, real səbəb olmamalıdır. Çünki pandemiya ilə əlaqədər məhdudiyyətlərin tətbiqinə 2020-ci ilin mart ayından başlanılıb. Bu proses isə artıq yanvarda başa çatmalı idi. Prosesin icrası dairə seçki komissiyaları tərəfindən icra edildiyindən MSK-ya elə də yük düşməməli idi. MSK sadəcə ən qısa zamanda nümunəni təsdiq edib göndərməli idi”.

Vüqar Tofiqli vəsiqələrin verilməməsinin yaratdığı problemlərdən danışıb:

“Birincisi, vəsiqələrin səbəbsiz yerə verilməməsi bütövlükdə 15 min üzvü olan bələdiyyələrə hörmətsizlikdir. İkincisi, vəsiqənin verilməməsi bələdiyyə üzvləri və sədrlərini xüsusilə sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə ciddi problemlərlə üz-üzə qoydu. Təsəvvür edin ki, icazələr portalında ad yazılır və şəxsdən, daha doğrusu sədrdən iş vəsiqəsi tələb olunur. Lakin vəsiqə yoxdur. Onlarla və yüzlərlə bələdiyyə sədri çıxılmaz vəziyyətdə qalmışdı. Bu bir faktdır”.

İctimai birlik sədri “Bələdiyyələrə seçkilərin keçirilməsi qaydaları haqqında” qanuna istinad edərək bildirib ki, 2 iyul 1999-cu ildə qəbul edilmiş qanunun 43-cü maddəsinə əsasən bələdiyyə üzvü seçilmək haqqında vəsiqə Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş nümunədə seçkilərin yekunları elan olunduqdan sonra 5 gün müddətində ərazi seçki komissiyası tərəfindən verilir. Amma beş günə verilməli olan vəsiqə 435 gündür ki, verilməyib. Üstəlik nə vaxt veriləcəyi də məlum deyil”.

Vüqar Tofiqli MSK-nın və bu qurumla bağlı olanların problemə ciddi yanaşıb həllinə təkan verməli olduqlarını deyib.

Məsələ ilə bağlı əlaqə saxladığımız Mərkəzi Seçki Komissiyasının üzvü, həmçinin, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov bu məsələnin MSK-nın səlahiyyətində olduğunu bildirib. O deyib ki, məsələ ilə bağlı MSK rəsmiləri məlumat verə bilər: “Yəqin ki, müəyyən səbəblərdən vəsiqələrin verilməsi yubanır. Yəqin ki, bu məsələ həllini tapacaq”.

Tofiq Həsənov deyib ki, bununla bağlı bələdiyyələr tərəfindən onun icraçı katibi olduğu assosiasiyaya müraciət olunmayıb: “Onların vəsiqələrinin verilməməsi ilə bağlı hər hansı problem yaşanmayıb. Hətta vəsiqə verilməyibsə belə, bələdiyyə üzvləri bələdiyyə sədrinin vermiş olduğu vəsiqə ilə hərəkət edə bilərlər. Yəni, müəyyən ərazi daxilində həmin vəsiqələrlə hərəkət edilə bilər. Onu da deyim ki, vəsiqənin olmaması bələdiyyələrin fəaliyyətində elə bir problem yaratmayıb. Ancaq yenə də ümid edirəm ki, məsələ həllini tapacaq”.

Tofiq Həsənov bələdiyyə üzvlərinin sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə icazələr portalında qeydiyyatdan keçmək üçün hər hansı problemlə üzləşmədiklərini də vurğulayıb: “Onlar portalda qeydiyyatdan keçiblər. Bu məsələdə onlar problem yaşamayıblar”.

Mərkəzi Seçki Komissiyanın digər üzvü Ramiz İbrahimov isə bu məsələ ilə bağlı danışmaq üçün səlahiyyətinin olmadığını bildirib. “Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə zəng edin, nə lazımdırsa, onlardan soruşun”, – deyə Ramiz İbrahimov əlavə edib.

Sözügedən məsələyə dair Bakı şəhəri Nəsimi Bələdiyyəsinin sədri Əziz Zeynalovun da fikirlərini öyrənmək istədik. Əziz Zeynalov bələdiyyənin öz vəsiqələrinin mövcud olduğunu bildirdi: “Hamının vəsiqəsi var. Kimin vəsiqəsi yoxdursa, yazılı formada müraciət etsin ki, mənə vəsiqə verilməyib. Bu məsələnin bizə aidiyyəti yoxdur”.

Məsələ ilə bağlı MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Bununla bağlı rəhbərliyin məlumatlandırıldığı, məsələ ilə MSK-nın mövqeyini əks etdirən məlumatın veriləcəyi bildirildi. MSK-nın mövqeyini əks etdiən məlumatı yayımlamağa hazırıq.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər