3 May 2021 09:32
2 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Kitabxana” rubrikasının qonağı “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğludur.

Onunla müsahibəni təqdim edirik.

- 500 il əvvəl İohann Quttenberq tərəfindən ilk mətbəə yaradıldı. Bu hadisədən illər sonra kitab çap etmək və onu oxutdurmaq nə dərəcədə asandır?

- Mətbəə avadanlığı kəşf olunduqdan sonra dünya dəyişdi. Hətta müqəddəs kitablar belə çap olunduqdan sonra təsir güclərini artıra bildilər. Kitabsız inkişaf yoxdur. İnsana dünyada ən çox yardım edən kitab olub. Ondan başqa heç nə insana bu qədər yardım edə bilməyib. Oxumaq vərdişini aşılamaq asan məsələ deyil. Bu, bir vərdişdir və uzun müddət insanda formalaşmalıdır.

İnsanın xarakteri vərdişləri ilə bağlıdır. Biz çox vaxt elə bilirik ki, insan doğulanda alın yazısı, taleyi, uğurları onunla bərabər zühur edir. Məncə, elə deyil. İnsan zaman-zaman özü hər şeyi qazanır. Sən gecə-gündüz öz üzərində çalışmadan hansısa nöqtəyə çata, uğur əldə edə bilməzsən. Ona görə mütləq kitaba üz tutmalısan.

Biz niyə deyirik ki, uşaqlara nağıllar oxumalıyıq? Ona görə ki, bu yolla uşaqların fantaziyası böyüyür, onlar düşünmək və uydurmaq qabiliyyətinə sahib olurlar. Uşaq uydurduqca, düşündükcə arzular qazana bilir. Məsələn, uça biləcəyini arzulamasan, qaça da bilməzsən. Əgər Elon Musk başqa bir planetə getməyi,uçan xalçanı arzulamasaydı, Marsa gəmi göndərməzdi. O gəminin üzərində Ayzek Azimovun kitabını qoyub, oraya yollamazdı. Bu o deməkdir ki, insanın nailiyyəti üçün mütləq onda arzular yaratmaq lazımdır.

- Kitabxananızın ən sevimli guşəsi hansıdır?

- Əlbəttə, özümün nəşr etdiyim kitablar... Çünki nəşr etdiyim kitabların hamısını oxumağa çalışıram. Oxuduğum janrlar arasında mənə daha cazibəli və çəkici görünən romanlardır. Romanları çox sevirəm. O romanlar ki, real həyatdan bəhs edirlər.

- Hansı romanlar?

- Məsələn, rus yazıçısı Quzel Yaxinanın "Züleyxa gözlərini açır" romanını oxudum. Əsərə valeh oldum. Mənim üçün zaman-zaman prioritetlər dəyişir. Mənə görə hər ilin öz yazıçısı var. Məsələn, dünən axşam Andrey Platonovdan kiçik əsər oxudum, onun təsiri altında qaldım. Çox təsirli əsərdir, bir əsgərin həyatından bəhs edir. O qədər məharətlə yazılıb ki, adam o yazıçıya heyran qalır, necə incəliklə rəsm əsəri yaradıb.

- Qeyd etdiniz ki, sizə görə hər dövrün öz əsəri var...

- Yalnız dövrə görə yox. Məsələn, bir əsər oxuyuram, sabah digər əsəri oxuyuram. Hər dəfə tələblərimin artdığını görürəm. Əgər 5-10 il əvvəl mənə görə ən gözəl əsər "Adamlar və siçanlar" idisə, sonra gördüm ki, "Balaca qara balıq" da gözəldir. Doğrudur, bu müqayisə şərtidir. Hər bir əsər özlüyündə yeni dünyadır. O dünyanın gözəl və çirkin olması zövq məsələsidir.

- Sizcə, bu günün tələbatını hansı yazar ödəyə bilir?

- Çətindir. Meyarlar zaman-zaman dəyişir. Məsələn, mən pandemiya zamanı gördüm ki, Orxan Pamukun kitabı dərhal çıxır. Fikirləşirsən ki, bu çox yaxşı planlı işləyən yazıçıdır. Görürsən ki, görülən işlər hansısa hadisə ilə adekvat olmalıdır. Məncə, insan həyatını olduğu qədər təsvir etmək yazıçının ən böyük uğurudur. Çünki ən zəngin ədəbiyyat insanın özü, baxışlarıdır. O yazıçı böyükdür ki, dərinliyə enir, onları kəşf edib, yaza bilir.

- Sizcə, nəşriyyat evləri necə qurulmalıdır? Müasir dövr nəyi tələb edir?

- Mən nəşriyyatı yaradanda heç bir dövlət təşkilatında işləməmişəm, sıfırdan başlamışam. Özüm istədiyim kimi nəşriyyatı idarə etmişəm. Mənə kömək edən idarəçilik, menecmentlə bağlı oxuduğum kitablar olub. O kitabların sayəsində nəşriyyatı idarə etdim.

Dəb hardan gəlir? İnsanlardan qaynaqlanır. O cümlədən kitab nəşri, ədəbiyyat insanlardan gəlir. Onları dinləmək, üz tutmaq lazımdır. Əgər öz oxucunu dinləyib, onların istəyinin müəyyən qismini həyata keçirə bilsən, uğurlu naşirsən.

- Kitabçılıq həm də ticarətdir. Ölkədə kitab ticarətini önə çıxarmaq üçün gələcəkdə hansısa bir təklifiniz var?

- Ümumiyyətlə, bazar terminindən qorxmaq lazım deyil. Bazar insana müstəqillik, özgüvən, azadlıq verir. Azad bazar olarsa, daha inamlı, bazara dirənişli ola bilərsən. Bazara dirəniş nədir? Sən kitabı satırsan və satdığın minlərlə insan sənə sanki dəstək olur və yeni kitab çıxarırsan.

Heç kim sənə yardım etmir ki, ondan asılı qalasan. Özəl şirkət olaraq azad bazarla işləyirsən. Bazarla münasibətləri düzgün qura bilsən, böyük bir təşkilat yaratmış olursan.

- Hansı yazıçılarla əməkdaşlıq edirsiniz?

- Biz müraciət edənləri geri qaytarmırıq. İstəyirik ki, öz yazarlarımız olsun. Nəşriyyatın yazarsız var olması mümkün deyil. Doğrudur, hazırda daha çox tərcümələr üzərində dayanırıq. Amma istəyirəm ki, daha çox yerli yazıçılar olsun. Daim də o sahədə işləyirəm.

Kitablarını daim çap etdiyim müəlliflər var. Məsələn, Şərif Ağayar, Nərmin Kamal, Anar, Elçin, Mövlüd Süleymanlı kimi yazarları daim diqqətdə saxlamağa çalışırıq.

- Müqəddəs kitabların çapı, tərcüməsi ilə bağlı nəşriyyatda nəsə gözlənilirmi?

- Quran kitabını təzəlikcə nəşr etmişik. Yaxınlarda Bibliya da nəşr olunacaq.

- Bu gün insanlar televiziya proqramlarında şouya, məişət mövzularına maraq göstərirlər. Maraqlıdır, bəs kitablara tələbat hansı istiqamətdədir? İnsanlar nəyi oxuyur?

- Mən çox sevinirəm ki, bizdə özünü inkişaf kitablarına çox böyük meyil var. İnsanlar kənarda özlərini yaratmaq, öz bizneslərini qurmaq istəyirlər. Azərbaycanda qadınların 55 faizi təhsil alsa da, real işləyəni 10-15 faizdir. Qadınlarımız demək olar ki, işləmirlər. Əgər bu insanlar bazara girsə, Azərbaycanın indiki mənzərəsi tamamilə dəyişmiş olar.

Fikirləşirəm ki, bizə daha çox özünü inkişaf kitabaları lazımdır. Bizim hər birimizin çox böyük imkanları olsa da, hər kəs o imkanları üzə çıxarmaq barədə düşünmür. Yalnız 20 faiz insanlar bilirlər ki, onlar nə istəyirlər. Universitet bitir, diplom alır, amma nə istədiyini soruşanda cavab verə bilmir. Biz aydınlaşmaq üçün ilk olaraq nə istədiyimizi bilməliyik.

- Kiril əlifbası ilə kitab oxuyursunuzmu? Hansı kitabların latın qrafikası ilə yenidən çap olunmasını istəyərsiniz?

- Əlbəttə, oxuyuram. Konstantin Poustovskinin "Qızıl qönçə" əsərini kiril əlifbası ilə oxumuşdum. Təzəlikcə latın qrafikası ilə çap etdim. Çox kitablar var. Məsələn, "Bakı 1501" əsərini latın qrafikası ilə çap etmək istəyirəm. Mənim həyatımın böyük hissəsi kirilə aiddir. Latın qrafikasına çox kitablar çevrilməlidir. O zaman kiril qrafikası ilə olan çox kitabları yandırdılar, kitabxanaları bağladılar.

Əlbəttə, bunlar birbaşa mədəniyyətə zərbə vuran hadisələrdir. O kitablar qorunmalıdır, mədəniyyətimizin bir hissəsidir, onu məhv etmək olmaz. Mən məmnuniyyətlə o dövrdə çap olunan klassiklərin yenidən nəşr olunmasını istəyirəm.

- Ədəbi tənqidçilər hətta sizin də tərcümə nəşrlərindən narazılıq edirlər. Bunları hansı halda əsaslı saya bilərsiniz?

- Daha çox oxucular tənqid edir. Məncə, ən az kitab oxuyan və ədəbi tənqidlə məşğul olan ədəbiyyatçılardır. Ədəbi tənqid ifadəsini sevmirəm. Sovet ideologiyasına uyğunluq baxımından əsərləri təhlil edirdilər və ona uyğun qiymət verirdilər.

Ədəbi meyarların nə olduğunu bilən yox idi. Oxucuların fikrinə daha çox dəyər verirəm, nəinki ədəbi tənqidçilərin. Çünki onlar kitaba pul verirlər, istəyirlər ki, keyfiyyətli kitab alsınlar. Əksəriyyətinin fikrinə diqqətlə yanaşıram və çalışırıq ki, səhvlər olmasın.

- Sizcə, tərcümələrdə nə kimi problemlər var?

- Əvvəl keyfiyyətsiz tərcümələr çox idi. Mən tərcümə tabusunu aşmaq istəyirdim. Elə bil fikir var idi ki, yalnız seçilən şəxslər tərcümə edə bilərlər. Ədəbiyyat adamı, yalnız roman yazanlar tərcümə edə bilər deyə düşündürdülər. Mən fikirləşdim ki, hər kəs tərcümə edə bilər, təki işləsin, zəhmət çəksin.

Bu gün çox böyük tərcümə qrupu ilə işləyirik. Hər bir sahədə olduğu kimi burada da güclü tərcüməçilər var, yeni gələnlər var. Mən yeni gələnləri geri göndərib, yalnız peşəkar birini istədiyimi deyə bilmərəm, bu düzgün deyil. Yeni gələnlərə də şans vermək lazımdır.

- Sizə ən çox gəlir gətirən hansı tərcümə olub?

- Bizim ən yaxşı tərcümə satılan kitablarımız dedektiv kitablar və özünü inkişaf kitablarıdır. Əlbəttə,, Paulo Koelho, Xalid Hüseyn, Robin Şarma, Den Braun, Aqata Kristinin əsərləri çox satılan kitablardır.

- Gündəlik nə qədər kitab sata bilirsiniz?

- Gündəlik yox, aylıq hesabat aparırıq. Ən çox kitab satdığımız ayda rəqəm 100 000-dən yuxarı olur. Təbii ki, bu, çox kiçik rəqəmdir, ayda 500 000 kitab satmalıyıq.

- Audio kitablar dinləyirsinizmi?

- Audio mühazirələr dinləyirəm, audio kitablar yox. Yəqin ki, bizdə də audio kitablar olacaq. Bəzən qiraət olunan əsərlərə baxıram, dinləmək istəmirsən. Vurğular düzgün deyil, səs yaxşı yazılmır. Uyğun, rahat və düzgün səs seçilmir. Oxuyanların dilində qüsurlar olur. Bu sahə yaxşı işlənilməlidir.

- Pandemiya sizin iş fəaliyyətinizə necə təsir göstərdimi?

- Ümumiyyətlə, pandemiya başlayanda çox qorxdum. Çünki illər boyu işlədiyin insanlar var, istəmirsən onları itirəsən. Onları qorumağa çalışırsan. Ömrünün 20 ilini nəşriyyatda keçirən adama əmək haqqı verə bilməyəcəksən, çıxıb getsə, necə olacaq? Çox ağır məsələdir.

Eyni zamanda xəstəlikdən qorunmaq lazımdır. Təəssüf ki, bir əməkdaşımızı xəstəlik səbəbilə itirdik. Pandemiyada işləmək əvvəl çox sıxıcı gəldi, nəsə etmək lazım idi və biz bu yolu tapdıq. Onlayn kitab satışına başladıq. Gördüm ki, vəziyyəti xeyli dərəcədə dəyişə bildik. Doğrudur, əvvəl mağazada satılan kitablar həcmində internet üzərindən kitablar satmırıq, amma 80 faiz işimizi bərpa edə bildik.

- Kitab çapı sıradan çıxır. Onlayn kitab yayılıb. Bunu özünüz üçün təhlükə görürsünüzmü?

- Biz də elektron kitabxanaya keçid edəcəyik. Məsələn, əvvəllər foto vardı, video kəşf olunanda hamı düşündü ki, foto unudulacaq. Amma foto unudulmadı. Kino gələndə düşündülər ki, teatr öləcək, amma əksi oldu. Elektron kitablar da yarananda elə bildilər kağız kitab öləcək, amma yox, ölməyəcək... Hər biri öz sahəsində inkişaf edəcək.

- Bəziləri elektron vəsaitlərdən də yorulur. İnsanların yenidən kağıza geri qayıtmasını necə qiymətləndirirsiniz?

- Son illər elektron kitablara maraqda 1-2 faiz azalma var. Bu o deməkdir ki, elektron kitab oxumaq bir o qədər də uyğun deyil. Umberto Eko deyir ki, biz "Anna Karenina"nə necə elektron oxuyaq ki, onda gərək insanın gözləri şara dönsün.

Elə əsərlər var ki, onu elektron oxumaqla sonuna çıxmaq mümkün deyil. Bir kişi əlində silah olanda özünü necə arxayın hiss edirsə, yanında kitab olanda da özünü elə güclü hiss edirsən. Amma elektron kitabla bu mümkün deyil. Kitab gücdür.

- Gənclikdə hansı kitabxanaya gedirdiniz?

- Keçmiş Lenin adına kitabxanaya tez-tez gedirdim. Eyni zamanda Mirzə Ələkbər Sabir adına kitabxana vardı, o da sakit yer idi. Mirzə Fətəli Axundov adına kitabxanaya da gedirdim, yuxarıda musiqi dinləmə zalı vardı, orada klassik musiqilər dinləyirdim. O kitabxanaların demək olar hamısına getmişəm.

- Kitab oğurlamısınız?

- O qədər... Əslində, gecə nəşriyyatda işləyirdim. Nəşriyyatda çıxan kitabları götürüb oxuyurdum. Özümlə aparmaq halı az olub, amma götürüb oxumuşam. Yəqin ki, oğurladığım kitabların sayı çox olduğu üçün yadımda qalmayıb (gülür).

- Hansı yazarın daimi oxucususunuz?

- Orxan Pamukun demək olar ki, bütün əsərlərini oxumuşam. Klassiklərin çalışıram hamısını oxuyum. Anton Çexovun bütün hekayələrini oxumuşam. Lev Tolstoy, Dostoyevskini çox oxumuşam. Mənim oxu vərdişim var, hər səhər mütləq bir saat kitab oxuyuram. Motivasiya kitabı mütləq olmalıdır, özünü günə yaxşı köləmək üçün oxuyuram. Kənar ədəbiyyat olaraq hər gün 50 səhifə kitab oxuyuram. İl ərzində 80-120 kitab oxuyuram.

- Kitabxananızda əski kitab nüsxələri varmı?

- Köhnə kitabları sevirəm. "Molla Nəsrəddin"in o dövrdə çap olunan köhnə kitabları seriyası var. Nizami Gəncəvinin kitablarından var. Çox qədim, başa düşmədiyim bir şeyi saxlamaq çətindir. Əski əlifba ilə yazılmış çox kitablarım vardı, amma başa düşmədiyim şey mənə maraqlı deyil.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər